Axtar

22 Eylül 2011 Perşembe

Azərbaycan toponim kimi !


 Azərbaycan , coğrafi və siyasi ad olaraq, yaşı iki min ildən artiqdir. Lakin yaşayış məskəni və sivilizasiya beşiyi kimi ömürü bir neçə dəfə bundan çoxdur. Burada məqsəd yalnız ”Azərbaycan” sözünü toponim olaraq araşdırmaqdır,bu ərazinin daha ilkin adlarının araşdırması ardıcıl məqalələrdə veriləcəkdir.Tarixi qaynaqlar bu toponimin yaranmasını Selökid dövrünə aparıb çıxarır,çünki Həxaməneşi (Əhəməni ) mixi yazılarında və həmin dövrə aid Yunan mənbələrinin ən önəmlisi sayılan Herodotun ( 483-425 m.ö )”Tarixlər” kitabında bu ərazi yalnız Μδος  Mad  kimi təqdim olunur və Azərbaycan sözü hələ işlək deyildir, hərçənd bəzi alimlər bu adın daha öncə mövcud olduğunu və Aşur qaynaqlarında “Andarpatianu” kimi getmiş qala yaxud ərazi adından alınmasını da qeyd edirlər.Lakin bunlarla yanaşı bəzi qaynaqlar o cümlədən Rəşidəddin Fəzlullah Həmədani-nin “Came ət-təvarix” əsərində “Azərbaycan” sözünün yaranmasını mifik şəxsiyyət olan Oğuz Xan-a mənsub edilir . O həmin əsərdə yazir: ( Oğuz ) öz xüsusi atlarını Ucan-ın geniş və gözəl otlaqlarına buraxdı. Orada olduqları vaxt o, əmr elədi ki, təpə yaratmaq üçün hərə ətəyində torpaq gətirsin və onu bir yerə töksün. Əvvəl o özü ətəyində torpaq gətirib tökdü. Bunu o özü etdiyi üçün bütün döyüşçülər də onun kimi bir ətək torpaq gətirib tökdülər. Böyük bir təpə düzəldi və adını Azərbayqan qoydular. “ Azər” türkcə uca deməkdir, “Bayqan” varlıların, böyüklərin yeri mənasını verir. İslam dövrü tarixçiləri isə Azərbaycan adının yaranmasını bu diyarda atəşkədələrin çoxluğu ilə izah etmişlər. Ərəblərə görə əcəmlərin dilində azər od mənasında olduğuna görə bu ərazi Azərbaycan adlanıb. Həqiqətəndə Sasani dövrünün ən önəmli məbədlərindən biri “Azərqoşunasp” (qoşun başçılarına aid od məbədi) burada yerləşirmiş. Başqa islam qaynaqlarında Azərbaycan adının yaranmasını Nuh sulaləsindən olan “Azərbad”-ın adından yaranması iddia olunur. Bu tarixi mubahisə bu günə qədər davam edir. Bəzi müasir dilçi və tarixçilərimiz bu müddəalarin heç biri ilə razılaşmayıb. Azərbaycan adının qədim türk tayfalarınin biri olan “Az” yaxud “Azar” –ların adından yarandığını söyləyirlər. Lakin elm aləmində bu nəzəriyyələrin heç biri geniş surətdə qəbul edilməyib. Tarixdə ilk dəfə Azərbaycan toponiminin yaranması haqqında mülahizə yürütmüş Yunan coğrafiyaşünası Strabon (24 m.ö-64 m.s ) olmuşdur. Strabon “Coğrafiya” adlı əsərində ( 11-ci kitab, 13-cü fəsil, 1-3 cü bölmələr) bu haqda belə yazır : Midiya iki hissəyə bölünür, bir hissəsi böyük Midiya adlanır, paytaxtı isə Mediya İmperiyasının şah iqamətgahı yerləşən böyük şəhər Ekbatanadır. O biri hissəsi isə Atropaten Midiyasıdır. ( yunanca:Media Atropatene) hansı ki öz adını Böyük Midiyanın bir hissəsi olan ölkəsini Makedoniyalılara tabe olmaqdan qoruyan sərkərdə Aturpat-dan (Atropates )alıb.O özünü şah elan edəndən sonra, özü bu ölkəni ayrı bir dövlət kimi qurdu.... Bu tarixi sənəd qərb aləmində Azərbaycan adının yaranması haqda əsas istinad mərkəzi olmuşdur və demək olar bu sahədə aparıcı nəzəriyyədir. Beləliklə Selokid dövründə yaranan Atropatene, Arşaklar dövründə formalaşaraq Aturpatkan şəkilını almışdır. Bu söz muxtəlif tarixi qaynaqlarda hər dilə uyğun olaraq ayrı – ayrı fonotik dəyişimlərə məruz qalmışdır, o cümlədən : Aturpatakan, Azərbayqanen, Azərbayqan, Azərbadqan, Azərabadqan, Azərbazqan, Azərbican (Ərəb dilində) və nəhayət Ərəbcənin təsirindən Azərbaycan sözü formalaşmışdır. Önəmli türk dili qaynağı sayılan Kaşğarlı Mahmud-un Divane Luğate Türk kitabindakı yer kürəsi xəritəsində Azərbadqan kimi qeyd olunmuşdur, görünür bu sözün qaynağı Ərəbcə yox bəlkə o zamanki Dəri dili olmuşdur. 


Beləliklə Azərbaycan sözünü bir antropotoponim(şəxs adından yaranan yer adı) kimi qəbul edirlər. Lakin burada əsas məsələ Azərbaycan sözünün ilkin forması olan Aturpatkan sözünün etmolojik izahından gedir. Ariapərəst qərb alimləri bu sözü açıqlarkən böyük bir təssübə yol vermiş, onu qədim Pars dili əsasında tərcümə edib tam öz xeyrinə yozmuşlar. Belə ki onlar Aturpatkan sözünü üç hissədən ibarət bir söz birləşməsi hesab edib belə izah etmişlər: Atur : qədim pars dilində od mənasında olub . Pat: qədim pars dilində keşikçı, qoruyan mənasında olub pa və paidən kökündən yaranmışdır. Kan : qədim pars dilində məkan bildirən şəkilçi olmuşdur . Beləliklə Aturpat sözünü od keşikçisi və tam bir fars sözü kimi tərcümə etmişlər. Buna əsas olaraq Avestanın yaştlar kitabının ferverdinyaşt bölümünün 24-cü hissəsinin 102-ci bəndində Ater sözü ilə düzələn bəzi şəxs adları o cümlədən Aterepata söz birləşməsi olmuşdur. Halbuki Ater-lə Atur eyni söz və mənada deyildirlər. Əsl mövzuya keçmədən, Ater sözünün etimologiyasına bir nəzər salaq. Ater sözü qədim Azərbaycan xalqının inancına görə od tanrisi olmuş At (od) və Er ( ər) birləşmələrindən( burada er sözcüyü ilə od-a şəxsiyyət verilmişdir) əmələ gəlmişdir. Həmin tanri sanskrit dilində Agni adlanir. Hind-avropa dillərində od sözü üçün iki kök mövcuddur. Onlardan biri “nkni” və o birisi “pehhur” –dur. İndi isə bəzi Hind-Avropa dillərində od mənasını bildirən sözləri müqayisə edək . Qədim Hindcə : Agni , Rusca : Agan, qədim Selvanicə: Ogni, Litvanicə :Ugunus, qədim Yunanca: Pur, Taxarca: Puwar, Xotəncə: Pehhur, Ermənicə: Hur, Taherlekscə: Por . Göründüyü kimi Ater sözü bu köklərin heç birindən törəməmişdir və onlara heç oxşarlığı belə yoxdur. İndi isə od məfhumunu bildirən qədim Şumercə və Türkcə sözləri Ater sözü ilə muqayisə edək. Qədim Şumercə: Utu (od və günəş mənasında), qədim Türkcə(Orxon – Yenisey abidələrində):Ot, Mahmud Kaşğarlının Divane luğate türk kitabinda Ot, Azərbaycan türkcəsində: Od . Göründüyü kimi Ater sözü etimoloji baxımdan Türkcəyə bağlılığı var . Burada isə ariyapərst alimlərin bir yalanı üzə çıxır. İndi isə Aturpat sözünün digər hissəciyi olan Pat sözcüyünə nəzər yetirək. Bu söz deyilənlərə görə qədim Hind-Avropa dillərində qorumaq mənasında olan Pa felindən yaranma sözdür. Lakin bu sözün Əhəməni dövrünə aid başqa söz birləşmələrində işlənməsi və tam başqa məna verdiyinin şahidiyik, o cümlədən Magupat ( Maglarin başçısı), Hezarpat ( Min başı- orduda hərbi rütbə), Karapat ( piyada qoşunların başçısı) və sairə . Göründüyü kimi Pat sözü baş yaxud başçı mənasında işlənmişdir, hətta başqa hind-avropa dillərinə aid söz birləşmələrində də elə başçı mənasında getmişdir. Misal üçün: sanskritcə Vispati tayfa başçısı mənasında və Litvanicə Veszpats ərbab mənasında olmuşdur . Lakin Pat sözünün Etimologiyasını müəyyən etmək asan iş deyil, çünki bu sözün başqa variantı olan Bod sözü qədim türkcədə elə baş mənasında ( məcazi olaraq insan mənasında) Tonyukuk abidəsində işlənmişdir. Bu sözün cəm forması olan Bodun (başlar-insanlar) xalq mənasında olmuşdur. Bod sözü orta fars dilində də başçı mənasında, bir çox sözlərdə, misal üçün: sepəhbod ( ordu başçısı) sözündə işlənməsı görürük. Bu xulasədən sonra mən Aturpatkan sozünü açıqlamaq istəyirəm. Məncə bu söz dörd hissədn ibarət bir söz birləşməsidir və quruluşca belədir : 1.A+ Tur + Pat +Kan və yaxud 2. A+Tor+Pat+Kan Burada Tur və Tor iki başqa məna ifadə etdiyi üçün ayrıca açıqlanmalıdır. Bildiyimiz kimi A hərfi köməkçi sait olaraq tələffüzü yumşaltmaq üçün bir çox əski dillərdə (əsasən kar samitlə başlanan xüsusi adlarda) sözün əvvəlinə əlavə edilirmiş. Buna nümunə olaraq Aşur mixi yazılarında Maday (midia) Amaday kimi Pasianoy tayfası Apasiyanoy, Mard tayfası, Amard kimi gəlmışdir. Bu qayda həmçinin qədim Orxon-yenisey türk abidələrinin oxunuşunda eynilik təşkil edir. Misal üçün: Parum (böyük rum) sözü Aparum kimi oxunur. Burada isə görünür Tur (xalq adı) sözü Atur kimi oxunmuşdur. Qədim sasanilərə aid abidələrdə Aturpatkan sözü “Twrp’tkn” və “Trptk’n", “Twrp’tk’n” kimi və Arşaklara aid abidələrdə “Twrp’tk’n” formasında yazılmışdır. Burada göründüyü kimi Tur (xalq adı) Twr kimi yazılmışdır və Ater ( od mənasında) sözü ilə tam fərqlidir. İndi isə tarixdə Tur xalqının izini arayaq . Əski yazılı qaynaqlara əsasən Turlar bizim coğrafi bölgəyə aid qədim xalqlardan biri olmuşlar və onlar haqqında müxtəlif epik nağıllar bu günə qədər dolaşmaqdadir. Turlar haqda ilkin məlumatlardan biri Herodotun Tarixlər kitabıdir. O öz dəyərli əsərində onlari Tauri adlandırıb va saka soylarindan sayır və onların yaşayış məskənlərini qara dəniz sahillərinin şimal hissəsi hesab edir. Başqa önəmli qaynaq qədim miflərlə dolu olan Avesta kitabıdır. Burada Turlar Zərdüşta ilkin inananlar sırasından sayılır və onların bəzi şəxsiyyətlərinin adı çəkilir. Avestanin ən əski bölümü sayılan Qasaha(Qataha)-nin 46-cı Yasnanın 12-ci bəndində Turların Frayan sülaləsi haqda məlumatlar verilir.

Daha sonra 13-cü Yaşt sayılan Fərvrədin Yaşt-ın 143-cü bəndində Tuiryan ( Turan ) sözü işlənmişdir :

Digər qaynaqlardan aşur mənbələrini göstərmək olar. Həmin yazılarda Taroi adda qalanın adi çəkilir. Çox ehtimal bu qala Turlara aid bir qala olmuşdur ki II Sarqonun bu əraziyə hücumu zamanı ( 715-712 m.ö) dağıdılmışdır. Daha qədim akkad və aşur mənbələrində Turukki adlı xalqın adı çəkilir ki həmin Tur xaqı olması ehtimalı var. Tədqiqatçı alim Firudin Cəlilov həmin lövhələrdəki yazıları bir yerə toplayaraq nəşr etdirmişdir : 


Göründüyü kimi bu yazilarda Tur-a əlavə şəkilçilər artırılmışdır . Turuki sözü bir növü bu günkü Türkü sözünü anımsayır. Burada Tur + uk ( əski cəm şəkılçisi) Türk sözünün ilkin formasını görmək olur. Tur sözü başqa qədim cəm şəkilçi ilə birləşərək (Tur +an) , Turan sözü yaranmışdır. Turların bir qismi tarixin ən əski çağlarında öz ata yurdu olan Azərbaycan ərazisindən köç etmiş şərqə, qərbə və şimala doğru hərəkət edərək o bölgələrdə aparıcı xalq olaraq yerli əhalı ilə qaynayıb-qarışıb, müxtəlif tayfa və qəbilələr yaratmışlar. Lakin danışıq dili baxımından Turların dili əsas götürülmüşdür. Orta Asiyada Turan və Türküstan (Turların ölkəsi) sözlərinin bu günə qədər yaşaması bəzi alimlərin çaşmasına səbəb olmuşdur və Turların ata yurdunu elə Orta Asiya hesab etmişlər. Turlar köç edərkən fəlsəfi, dini və mifik baxışları ilə yanaşı, bu günkü Göytürk əlifbasının ilkin formasını da özləri ilə Orta Asiyaya buradan daşımışlar. Tenqrilik inamını və mifik Turan xaqanı Fərənqərəsin (Əfrasiyab) Alpərtunqa nağılı bunlara nümunədir. Lakin Sasani imperatoluğu dönəmindəki Orta Asiya türkləri ilə sərhəd çəkişmələri bu mifik nağılı şaxələndirmiş və bu xaqan Orta Asiya xaqanı kimi təqdim edilmişdir. Lakin Avesta kitabına görə hadisələr Urmu gölü ətrafında baş vermiş və bu xaqan isə orada həlak olmuşdur.İndi isə Tur sözünün etimologiyası haqda mülahizə yürütmək istərdim. Bu haqda bu günə qədər çoxlu fikirlər söylənsədə, məncə çox qaneedici deyildir. Buna görə bölgənin ilkin qaynaqlarına üz tutmaq lazimdir. Bu məntəqədə Turların dilindən çox yararlanmış xalqlardan biri sayılan Şumerlərin dilində bu sözə nəzər salaq. Şumer dilində Tur sözü keçi balası və gənc mənasında olmuşdur. Beləliklə Tur sözünü keçı balası götursək bölgənin 7000 il öncədən rəsmi, dağ, daş, saxsı qablar və qızıl camların üzərində nəqş olunmuş keçi şəklinin müqəddəs inanc simvolu olduğunun bir daha şahidi oluruq. Keçi heyvanı astral inancin ilkin heyvan simvollarındandır. 



 Bu simvollara inək heyvanı da daxildir. Əski inanclara görə yağışın yağması və çayların axmasına ay tanrısı və yaxud başqa göy cismlərinə aid tanrılar  səbəb olurmuş və keçi  heyvanı, yer üzündə həmin tanrının simvoluna çevrilmişdir. Belə olduqda Tur sözü teonim halına dönmüşdür. Bir çox qaya rəsmlərində yer alan keçi şəkili insanların ilkin inanclarında totem olmasından xəbər verir.

Turların bir qisminin ata yurdundan Orta Asiyaya köçdükdə, yerli əhali bu sözü öz dillərinə tərcümə edib özlərini Oğuz adlandırmışlar. Oğ sözü keçi mənasında, uz sözcüyü isə əski cəm şəkilçisidir. Həmin sözdən oğlaq ( keçi balası) və oğlan ( gənc erkək) Tur sözünün ilkin mənasına uyğun gəlir. Hərçənd bəzi dilçilər oğuz sözünü öküz sözündən alındığını hesab edirlər.İndi isə Torpat (aTorpat ) sözündəki Tor sözünü başqa versiya kimi nəzərdən keçirək. Orta türk dilində Toruğ sözü ilxı və dolayısı ilə at mənasında olmuşdur( DLT), Toruğ at(rənginə görə _ DLT) Torığat ( KT ş.33)   dilimizdə bu gündə işlənən Qatır ( Qəter – DLT ) sözünün tərkibində hətta Avesta kitabinda işlənən Staora sözündə (taora) bir növü Tor sözünü əks etdirir. Beləliklə Tor sözü əski dövrdə at heyvanını ifadə etsə , Torpat sözü ola bilsin süvari başçısı mənasında işlənmiş və orduda hərbi rütbə bildirirmiş.Indi isə Aturpatkan-nın sonuncu hissəsi olan Kan sözünü araşdıraq. Azərbaycanda (xüsusi ilə Güney-də) paleotoponimlərin bir qismində iştirak edən bu topoformant müxtəlif formalarda (kan, qan, gan, xan) gözə çarpir. Bildiyimiz kimi toponimlərin yer qatları kimi təşəkkül tarixi vardir. Bunları ayırmaq üçün topoformantlar bizə yardımçı ola bilirlər. Kan şəkilçisi təxminən miladdan öncəki əsrin sonlarından yer adlarinda görünməyə başlayir və Ərəblərin işğalına qədər davam edir. Bu söz leksik mənada bu günkü xan sözünün əski deyimidir, etimologiya baxımından daha əski türk sözüdür. Bu sözü eradan əvvəl 2-ci minillikdə bölgənin bəzi hakimlərinin adında görürük . Kuti şahlarından TiriKan və Elam şahlarından EnpiluXan adlarının sonu bu sözlə bitir. Orxon-yenisey abidələrində bu söz Kan və DLT kitabında Xan kimi yazılmışdır.Bu sözün toponimlərdə formant kimi işləməsi ilkin yer adlarında hakimin şəhəri seçilsin deyə yer adlarına artırılmışdir və görünür sonralar ümumiyyət tapmışdır. Lakin yer adlarında bu sözün və bu mənada olmuş və daha sonra toponimlərimizdə formant kimi iştirak etmiş Vang( Van), Çuvang (Çuvan), Cuvang( Cuvan) və bu sözlərin yumşaq formalarının ( Vin , Çin , Cin ) yer adlarımızda işlənməsi səciyyəvi xarakter daşıyır. Bu sözlər mənşəcə Hun, Monqol sözləri olsalar da, toponimlərimizdə işlənməsi qaçırılmazdır və bu sahədə daha artıq tədqiqə ehtiyac vardır. Kan sözündən yaranan Kənd (Kand) sözü artıq müstəqil şəkildə yaşayış yeri bildirir. Kaşğarlı Mahmud (DLT) kitabinda Kan ( Kən) sözünü Kənd sözündən yaranma hesab edir məncə burada əksinə olaraq Kənd sözü Kən (Kan) əmələ gəlmişdir . Beləliklə Aturpatkan sözünün bütün elementləri qərəzsiz və olduğu kimi mənim tərəfindən araşdırıldı . Bu sahədə alimlərimizin butun fərziyələrinə hörmətlə yanaşıram