Axtar

7 Kasım 2011 Pazartesi

2800 il öncə türk izi !

Yengi Ögə






Azərbaycan tarixi araşdırmalarında bir sorun bu günə qədər cavabsız qalıb, o da əskı çağlarda Azərbaycan xalqına aid xətt və yazı nümunələrinin tapılmamasıdır. İnandırıcı deyil ki Manna, Midiya, Aturpatena kimi güclü dövlət və imperiyaların özünə məxsus yazı forması olmasın, bir halda ki onların civarında yaşayan qonşuların sistematik yazı kitabələri və hətta kitabxanaları belə olsun. Məncə bu yöndə məqsədli qazıntılar və axtarışlar aparılmayıb və tarixi araşdırmalar bir növ ögey münasibətlərin qurbanı olub. Hər halda buna inanmaq lazımdir ki günəş daima qara buludların arxasında qalmayacaq və bir gün bu sahədə bütün həqiqətlər üzə çıxacaq. Musa Kağankatlı “Albaniya tarixi”-də yazısı olan xalqları sadalayarkən  romalı, yunan, alban və digər xalqlarla yanaşı midiyalıların da adını yad etməkdədir (Kalankatuklu, l, 3).
M. A. Dandamayev və V. Q. Lukoninin yazdıqlarına görə, Nuşi-Can-təpədən Midiya dövrünə aid üzərində mixi yazı olan gümüş nimçə tapılmşdır. Fəqət  bu yazıdan yalnız bir sözün sonuncu və sonrakı sözün əvvəlinci işarəsi salamat qaldığından onun oxumaq və hansı dildə olduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Bununla belə, midiyalıların yazıya sahib olduqları şübhəsizdir (Дандамаев, Луконини, 1980, с. 264).
Eyni zamanda Midiya ərazisindən üzərində arami tipli yazılar olan gümüş qablar da tapılmışdır ki, bu yazılar arami dilində deyil, onları elmə məlum Ön Asiya dillərinin heç birində oxumaq mümkün olmayıb. Mütəxəssislərin çoxu məhz bu yazıları və onların dilini midiyalılara aid edirlər (Nylander, 1968, p. 123-127).
 Midiya tarixinin araşdırıcılarından sayılan İ.M.Diakonov “Midiya Tarixi” əsərində bu haqda öz təccübünü bildirərək belə yazır : “Bu mümkün deyil Böyük Midiya yazı sahibi olmasın, Parsların yazısı olsun”.  Daha sonra belə bir qənaətə gəlir ki qədim parsların mixi xətti bir başa Elam və Babil mixi xətlərindən alınma deyil bəlkə kökdə onlarla  oxşarlığı ola bilər . Bu xətlə onlar arasında bizə bəlli olmayan itmiş halqa vardir, bu isə Midiya və Manna xəttı ola bilər. Lakin Diakonov bu mövzunun ardında Zeyvədə tapılmış və Manna dövrünə aid gümüş boşqabın üzərində yazılmış bir kiçik xətt nümunəsini göstərir, bu isə mixi xətlə heç əlaqəsi olmayan əski Türk əlifbası ilə yazılmış xətdir. Bu əlifba ilə Orta Asiyada çoxlu qəbir daşları və daha sonralar böyük xaqanların fərmanları yazılmışdır. Məncə bu nümunə tək deyil, bəzı müəyyən yerlərdə dəqiq arxeoloji axtarışlar aparılsa daha çox yazılara əl tapmaq olar. Əlisa Şükürlü “Qədim Türk Yazılı Abidələrinin dili” kitabında bu haqda dəyərli məlumat verib. O yazır : Maraqlıdır ki, 1950-ci illərdə Yunesko xətti ilə İranda aparılan qazıntılar zamanı tapılan və eramızdan əvvəl  V  əsrə aid edilən Hunlara məxsus yazılarla əski Göytürk yazıları arasında ciddi qrafik fərq yoxdur”. Bu informasiyanın qaynağı qeyd olunmasa da, burada maraqlı cəhət ondan ibarətdir ki, bu yazıları yerli əhaliyə yox, bəlkə az tanıdığımız Hunlara mənsub etmişlər.
Qədim Türk əlifbasının mənşəyi haqda  müxtəlif mülahizələr yürüdülmüşdür. Lakin bu fikirlərin bir çoxu yanlış görünür. Əvvəllər bu xəttin mənşəini Keharoştxi (Hindistanın şimal qərbində tapılmış xət nümunələri) ilə Cənub Sami xətti ilə, Ronik xətti ilə, daha sonra Soğda xəttınə bağlamışlar. Lakin qədim türk tayfalarına aid damğa və simvolların tədqiqi bəzı alimləri , bu xəttin mənşəini   türk damğaları olması qənaətinə gətirdi. Lakin bu xəttin daha qədim nümunələri onların piktoqramlardan yarandığını, və daha sonralar Göktürk xaqanlığı dövründə sonuncu inkişaf mərhələsinə çatiğı və səs baxımından təkmilləşdiyini göstərir. Təssüflər olsun bu xətt xaqanlığın süqutundan sonra çox yaşamamış və tam şəkildə unudulmuşdur. 1893-cü ildə Danimarkalı alim VilhelmTomsen həmin xətlə yazılmış mətndə “Tenrı” sözünü oxuyaraq bir daha onu dünyaya tanıtmışdir. Bu xəttin müxtəlif variantları ilə qayalar üstündə yazılmış mətnlərə bütün Avrasiya qitəsində rast gəlmək olur, amma onun yarandığı yer hələ ki tam bəlli deyildir. Bizim ərazidə tapılan nümunə bəlkə bu xəttin ilk beşiyinə yaxın olsun. Manna dövrünə aid gümüş boşqabın üzərində yazılmış bu xətt nümunəsi, həmin xəttin ilkin formalarına daha çox oxşayır. Burada yalnız bir sait səs vardır və sözlər önəminə görə kiçik paralel xətlərlə ayrılmışdır. Yazı iki hissədən ibarətdir. Birinci hissə əlifba yazısı, ikinci hissə isə heroqliflərlə işarələnmiş müxtəlif malların növü və miqdarı cızılmışdır.


Heroqlif :



Yazı : 


 Yazı ilkin türk yazı nümunələrə kimi sağdan sola yazılmışdır . Həmin boşqab nəzir boşqabı olmuş və tanrıya verilən nəzir və qurbanların növü və miqdarı müəyyən edilmişdir. Burada əsas məsələ yazının dili və üslubunun necə oxunmasıdır. Türkoloqlarımız adət üzrə qədim türk yazılarını oxuyarkən bir başa Orta Asiyaya üz tuturlar və unudurlar ki türk və prototürk dilinin əsas ana yurdu elə bizim bölgədir. Düzdür bu dilin ilkin yazılı forması bu günə qədər bizim əlimizə çatmamışdır, amma bölgədə olan qonşu xalqların dillərində qorunub saxlanmışdır. İlkin prototürk dilinin bir çox sözləri qədim Şumer, Akad, Aşur, Urartu, və Pars (Əhəməni) dillərində qorunub qalmışdir.Bəzi alimlər Şumer və Akad dillərində mövcud olan qədim Türk sözlərini aşkar etmişlər, amma qədim Pars (Əhəməni) dilindəki Türk sözləri heç araşdırılmamışdir. Bu dildə 400-ə yaxın söz işlənmışdir və bu sözlərın bir çoxu qədim prototürk dili sayılan Midiya dilindən alınmışdır. Bu sözlərın alınma söz olduğunu, Əhəməni mətnlərinin ilkin araşdırıcıları sayılan Avropa alimləri etiraf etmişlər. İndi isə mən həmin dövrün tarixi-coğrafi mövqeyini nəzərə alaraq yazının oxunuş və izahına başlayıram. Umarım  mənim oxuduğum versiya həqiqətə daha yaxın olsun.




Yazı aşağıdakı formada oxunur :

Ma-Şam-kişyezi-Asa-yaz-Nana-İdiay-d(dingir)

İndi isə sözlərin bir-bir təhlilini verək:

Ma : ən qədim və bir çox dillərdə o cümlədən Şumer, Sami, Hind-Avropa, Tibet,Türk dillərində ana və qadın  cinsiyyətini bildirən müştərək sözdür  (əm, oma, omay, əmek, omm, məmə, mama, mammal ,mi, mat ...). Qədim Şumer yazılarında qadın adlarını bildirmək üçün yazının əvvəlində “Mi” işarəsi yazılırdı və türkcədə isə qadın cinsin bildirmək üçün “iM”, “ıM” şəkilçiləri müraciət sözlərinin sonuna artırılır (xan-xanıM, bəy-bəyiM). Bu söz məcazi mənada əsas, əsl, doğma, böyük kimi bu gündə sadaladığım bir çox dildə ana vətən, ana dili, ana yurdu, doğma şəhər, ana yol,... həmin böyük və əsas məzmununu ifadə edir. Bu söz həmçinin bəzi paleotoponimlərdə toponimə bitişik olaraq işlənmişdir və orada böyük mənasını özündə daşıyır.

Şam  : Azərbaycan ərazilərində bu günə qədər bir çox paleotoponimlərdə qorunub saxlanan Şam sözü qədim Aşur qaynaqlarında “Kur –za-mu-a”  kimi tanınır. Bu ərazi Urmu gölünün cənub və cənub qərb bölgəsini əhatə edirmiş. za-mu-a ilə yanaşı Aşur qaynaqlarında Mazamu, Mazamua (Kur.ma-za-u, Kur.ma-za-mu-a) adı çəkilir. Tarixçilər daxili Zamua kimi tərcümə edirlər.Bu ad həmin yazıda  Ma-Şam formasında yazılıb. Məncə bu mərkəzı, əsli, böyük Şam kimi tərcümə edilməlidir.

Kişyezi : Bu sözü ən qədim prototürk sözlərindən saymaq olar.Əhəməni yazılarında çox işlədilən bu söz  (xšāyaθiya) şah, hakim mənasında olmuşdur.Bu söz mürəkkəb isimdir və Kiş, Kış, Xış  və İye, İyə, Yiyə, yəsi, yezi  sözlərinin birləşməsindən yaranıb. Kiş sözü etimologiya baximdan daha dərin qatlara gedib çıxır. Bu günkü türkcə Kış, Qış kimi fəsil anlamından yaranan Qışlaq(qışı bir yerdə keçirmək) həmin sözün davamıdır. İlkin köçərilik həyatından yaranan bu söz sonralar kənd, şəhər  yaşayış mənasını daşımışdır ( köçərilikdə yaylaqlarda müvəqqətı yurd salınır, lakin qışlaqlarda məskənlər daha daimi olur, bu isə gələcək şəhərlərin təməlini qoyur) . Kiş Paleotoponimi və Qışlaq toponimi yayılma sferasına görə daha genişdir . Qışlaq ümumi söz olduğuna görə başqa ismin tərkibi ilə toponimlərdə iştirak edir. Kiş, Kış (fəsil mənasında) sözü çox ehtimal ən əski türk sözü olan Qiş ağac sözünün ilk variantıdir. Bu söz Şumer dilinə Qiş, Akad dilinə Eqiş, Eqis kimi daxil olmuşdur. Qış zamanı bu məhsul artıq önəm daşıdığı üçün hətta fəsilin adlandırmasına və sonra şəhər mənasının yaranmasına səbəb olmuşdur.
Sözün ikinci hissəsi İye, İyə, Yiyə sahib, malik mənasında həmçinin ən eski Türk sözlərindən olub və bizim dildə fonotik dəyişimə məruz qalmayıb. Bu söz Orta Asiya türkcəsində İdi fonotik halını alıb və Orxon-Yenisey abidələrində işlənib. Beləliklə Kişyezi  mürəkkəb sözü şəhər sahibi yaxud Şah mənasında olmuşdur.

Asa : Manna hökmdarlarından olmuş və Aşur qaynaqlarında Aza kimi yazılmışdır. Tarixi mənbələr Manna şahlarından iki Asa-dan I-ci Asa (m.ö 775),  II-ci Asa (m.ö 720-716)  xəbər verir. Bunlardan İranzu şahın oğlu II-ci Asa-nın dövründən daha çox məlumat əldə edilir. Bu şahın dövrü məntəqədə iki güclü dövlət olan Aşur və Urartu rəqabətlərinin dövrünə təsadüf edir və Asa həmin keşməkeşlərin qurbanı olur . Bu adın etimologiyasını alimlər tərəfindən müxtəlif cür yozulur. İ. Əliyev bu sözün Hurrit mənşəli olduğunu yazır, Q. Qeybullayev bu sözün sonundan “Y” hərfinin düşdüyunu qeyd edir və sözün əslində Asay olduğunu yazır və buna oxşar qədim türk şahlarından nümunələr verir. Məncə bu söz qədim xalqımızın inanclarından sayılan Asa ( Avestada Aşa) tanrısının adıdır, bu isə bir çox ehtimala görə həyat ağacı inancının tanrısıdır. Bu tanrının adı Qasaha-da 180 dəfə çəkilır və ən önəmli tanrılardan sayılır.Zərdüşt peyqəmbərin adı Oşo-nun həmin sözdən yarandığını söyləyənlər də var. Onu duzluk və tanrı qanunu  kimi tərcümə etmişlər. Məncə bu inandırıcı deyil və onu Əhəmənı yazılarında Arta (güya düzlük mənasında?) sözunun başqa variantı sayırlar. Həmçinin As və Asa ( Suryani yazılarında ) bölgədə bitən və həmişə yaşıl qalan qaragilə (qarağat) fəsiləsindən olan və meyvəsi çox müalicəvi sayılan bir ağacın adıdır.Bu bizim bölgədə həyat ağacı semvolu ola bilər. Qədim Babilistanda bu ağacın semvolu əsasən xurma ağacı kimi göstərilmişdir. Bu gün bu ağac küknar kimi yeni təqvim ilində bəzədilir.

Yaz : Dilimizdə bu günə qədər qorunub saxlanılan sözlərdən biridir. İndı bu söz başqa məfhumu ifadə edir. ( yaz fəslini) Lakin ilkin, tanrıya tapınmaq, ibadət etmək mənasında olmuşdur. Bu söz sonralar Yad  formasında Əhəməni yazılarında  işlənmişdir, lakin Avesta kitabında ata sözü ilə birləşərək Yazata tanrı mənasını daşımışdır. Bu sözün kökəni çox ehtimal İzi sözü olmuşdur. İzi qədim Bulğar və Qıpçaq türkcəsində tanrı mənasında olmuşdur ( Kitab əl-idrak li-lisan əl-ətrak ). Oljas Süleymanov “Az-ya” kitabında qədim müştərək Hind-Avropa sözü olan [ est, es, is, iz ] sözünü araşdırarkən belə yazır : Onun mənşəyi hələlik müəyyən edilməyb... bununla belə ist sözünü qədim Misirlilərin həyat ilahəsi İşt-in ( e.ə 2-ci minillik ) adı ilə müqayisə etməyə çalışacağam... İşt kültu Misirə Ön Asiyadan gəlmişdir, e.ə IV_III minilliklərdən başlayaraq orada həyat, torpaq, bolluq ilahəsinə_  İşthora sitayiş edilirdi. Bu tanrıça özündə bir neçə funksiya daşıyır, o həmdə günəş anasıdır... Misir tanrılarının adları İşt və Hur qədim İran dilində “İzd” allah və “Hor” günəş mənalarını almışdır...


Yaz sözü ( qədim Əhəməni yazılarında Yad ) bir neçə sözün tərkibində işlənmişdir. Ayadana ibadətgah, məbəd mənasında və qədim təqvimdə yeddinci ayın, Baqayadi  ( tanrıya ibadət bayramı) sözündə mövcud olmuşdur. Qədim Azərbaycan ərazisində ay tanrısına inanc daha çox yayılmış sayılir, bunu bir çox tarixi materiallar sübut edir. Burada Yaz sözü əsasən şadlıqla icra olunan ibadətə deyilirmiş. Bu ibadət bayramlarından biri bahar fəslinin gəlişi ilə icra olunurmuş və Yaz ( fəsil mənasında ) sözu elə buradan yaranmışdır. Bu ibadətlə icra olunan bayram bir daha ilin yeddinci ayında məhsul yığımının sonunda  təntənəli keçirilirmiş, onun üçün bu bayram Apa-Yaz ( böyük yaz- Payaz) adlanırmış. İndiki dilimizdə işlənən Payız sözü elə buradan yaranmışdır. Sonralar bu ənənə Əhəməni dönəmində günəş tanrısına inancın yayıldığı çağda həmin bayram Baqayadi  kimi payız fəslinin birincı ayı ( günəş təqvimi ilə 7-ci ay) Mitra tanrısının bayramı olaraq icra edilirmiş. Arşak və Sasani dövrundə bu bayram Mehriqan bayramı kimi keçirilib və bu gunə qədər davam edir.


Nana : Qədim şərqdə  ən çox ibadət olunan tanrılardan biri olmuşdur . O Ay tanrısı sayılırmış. Şumerdə Onun müqəddəs şəhəri Ur idi. Bu tanrı Mesopotamiyadan tutmuş Çin sərhədinə qədər ibadət olunurmuş.Arşakların ilkin paytaxtı sayılan Nissa-da ona aid məbəd və moqufat olmuşdur. Kuşanilərin tanınmış şahı Kinişka bir daş yazılı abidədə tanrılar sırasında birinci Nana-nın adını çəkir (Rəbatək abidəsi). Qədim Azərbaycan ərazisində daha da müqəddəs sayılırmış və ona aid çoxlu məbədlər mövcud olmuşdur. Bu tanrı mənşəcə Şumer sayılsa da bir az mübahisəlidir. Məncə bu tanrı Nanar şəkilində ilkin bizim ərazidə yaranmışdır və sonralar Şumerə yol tapmışdır. Avestada Dadar  tanrısının adı çəkilir, bu isə məncə Günəş tanrısı hesab edilirmiş. Bu iki tanrı cinsiyyətcə Nana qadın və Dada erkək olmuşdur. Həmin sözlər bu günə qədər dilimizdə Nənə və Dədə sözləri kimi qorunub saxlanılmaqdadır. Lakin bu tanrı Mesopotamiyada cinsiyyətini dəyişərək erkək xarakterini almışdır. Yağışların yağması, çayların axması və məhsuldarlığı bu tanrıya bağlayırmışlar. Bu tanrının heyvan simvolu bizim ərazidə əsasən keçi, Mesopotamiyada inək olmuşdur . Aypara, buynuz onun işarələri sayılır. Mesopotamiyada bu tanrı daş lövhələrdə başı üstündə aypara şəkili olan və çarpayıda oturmuş saqqallı müdrük qoca formasında göstərilir. Bu tanrı Əhəmənı, Sasani dövrlərində Anahita adı ilə tanınır və cinsiyyətcə qadın obrazını daşıyır, hərçənd bu tanrıya Nananın funksiyasından da əlavə işlər nisbət verilir. Azərbaycan ərazisində bir çox tarixi qala, körpu, və başqa abidələr Nananın himayədarlığına verilmişdir, lakin onların adında Nənə yox bəlkə daha bakirə sayılan qız sözü işlənmişdir.


 İdiay : Bu söz çox ehtimal ay tanrısının başqa adı olmuşdur. Nana əsasən tolun ay (bütöv ay) hesab edilirmiş, İdiay isə doğan ay (yeni çıxmış ay hilalı). Bu ənənə  Mesopotamiyada həmin formada (bütöv ay) olmuşdur. lakin başqa ay tanrısı Suen (Sin) aypara şəklində ibadət edilirmiş. Hərçənd Suen-i Akkadlara mənsub edirlər, amma bəzi faktlar bu sözün də prototurk olduğunu sübut edir.Orta türk dilində İdi  tanrı mənasında da işlənmişdir.

İdi sözünün izini Şumer mətnlərində də tapmaq olur. Orada İti sözü təqvim ayı və İti-u-Anna sözü isə ay işığı və yeni ay mənasında işlənmişdir. Beləliklə görünür Manna ərazisində ayın hansı formasina tapınmaqda cəmiyyətdə inanc fərqi olmuşdur. 


D : Qədim mixi yazılarında tanrıların adından əvvəlində gələn və Dingir kimi oxunan yazı işarəsidir. Şumer-Babil yazı qaydalarina görə bu işarə tanrıdan qabaq yazılırmış, lakin əlifba formasında olan qədim türk yazısında dilin qanununa uyğun olaraq tanrı işarəsi isimdən sonra gəlməlidir.




İndi isə həmin mətn müasir dilimizdə belə səslənir :

Mazamua şahı Asa Nana, İdiay tanrısına tapınır.

Bu mənim yazı haqqinda gəldiyim qənaətdir, ola bilsin başqa tədqiqatçılarımız ayrı  versiya irəli sürsünlər, bunlar hamısı təqdirə layiqdir. Burada əsas məqsəd qədim Türk yazısının bizim ərazidə mövcud olmasını sübut etməkdir və bu ərazi Türkün əbədi əzəli yurdudur....

-------------------------
Şəkilləri böyük görmək üçün üzərinə tıklaya bilərsiniz.







Mannada Yaz bayramı mərasimində bir Qoşan (ozan);




Ədəbiyyat: 


1.Kalankatuklu M. Albaniya tarixi. Elm, Bakı, 1993.
2.Дандамаев М. А., Луконини В. Г.  Культура и экономика древнего Ирана. Наука, Москва, 1980.
3.Nylander C.Assiria grammata. Bemarke on the mistokies. “Opescula Altenasia”, vol. 8, 1968, p. 119-136.
4.Qədim Azərbaycan tarixi mixi yazılı mənbələrdə- Bakı, Təhsil ,2006-s.37
5.Kitab əl-idrak li-lisan əl-ətrak- Əsirrəddin əbu həyyan əl-əndəlusi- Bakı Azərnəşr, 1992, s.14
6.AZ-YA , Oljas Süleymanov-  Bakı, Azərnəşr 1993, s.200-248-249
7.Qədim Türk yazılı abidələrinin dili- Əlisa Şükürlü , Bakı, Maarif 1993, s.13
8.Orxon-Yenisey abidələri- Ə.Rəcəbov, Y.Məmmədov, Bakı, Yazıçı 1993, s.355
9.Azərbaycan Toponimləri Ensiklopedik lüğət-Bakı, Azərbaycan Ensiklopediyası NPB, 2000, s.163
10.Azərbaycan türklərinin təşəkkülü tarixindən-Qiyasəddin Qeybullayev, Azərnəşr 1994 Bakı, s.84
11. Encyclopedia of Religion and Ethics - James Hastings - Google Books_files, p.128
12.Old Persian Base Form Dictionary Jonathan Slocum and Scott L. Harvey
13. Encyclopaedia  Britanica 2008 (subj. Sin )
14.ُwww.sumerian.org -Sumerian English Dictionery ( iti )
15.Old Persian texts (elec. version), <yad>  , <Bāgayādi->,    <xšāyaθiya-> , 
17.   86- ص. 339-340  تاریخ ماد/ تآلیف ا.م.دیاکونوف ترجمه کریم کساورز چاپ چهارم تهران1377/
18.  ص.138/ مقدمه فقه اللغه ایرانی / ای.ام.ارانسکی ترجمه کریم کشاورز- تهران پیام   1358
19.  ص .180/  تاریخ خطهای جهان / یوهانس فریدریش ترجمه فدروزرفاهی – انتشارات دنیا 1368
20.   تاریخ بابل/لیوناردو.کینگ ترجمه دکتررقیه بهزادی- تهران 1378 /ص.109   
21.   ص64/شهرهای ایران در روزگار پارتیان و ساسانیان ن.پیگولوسکایا ترجمه عنایت الله رضا- تهران1377              دیوان لغات الترک / محمودبن حسین بن محمدکاشغری /ترجمه دکترسید محمد دبیرسیاقی 1375تهران  . 22
23.    ایران باستان/ یوزف ویسهوفر ترجمه مرتضی ثاقب فر- تهران1377/ص.47                
24   /ص.-252-151               میراث باستانی ایران/ ریچارد ن.فرای ترجمه مسعود رجب نیا- تهران 1368
25.   – واژه آس    لغت نامه دهخدا/ لوح فشرده
26.   گاتها کهن ترین بخش اوستا / ابراهیم پورداود – تهران 1378 /ص.81 


22 Eylül 2011 Perşembe

Azərbaycan toponim kimi !


 Azərbaycan , coğrafi və siyasi ad olaraq, yaşı iki min ildən artiqdir. Lakin yaşayış məskəni və sivilizasiya beşiyi kimi ömürü bir neçə dəfə bundan çoxdur. Burada məqsəd yalnız ”Azərbaycan” sözünü toponim olaraq araşdırmaqdır,bu ərazinin daha ilkin adlarının araşdırması ardıcıl məqalələrdə veriləcəkdir.Tarixi qaynaqlar bu toponimin yaranmasını Selökid dövrünə aparıb çıxarır,çünki Həxaməneşi (Əhəməni ) mixi yazılarında və həmin dövrə aid Yunan mənbələrinin ən önəmlisi sayılan Herodotun ( 483-425 m.ö )”Tarixlər” kitabında bu ərazi yalnız Μδος  Mad  kimi təqdim olunur və Azərbaycan sözü hələ işlək deyildir, hərçənd bəzi alimlər bu adın daha öncə mövcud olduğunu və Aşur qaynaqlarında “Andarpatianu” kimi getmiş qala yaxud ərazi adından alınmasını da qeyd edirlər.Lakin bunlarla yanaşı bəzi qaynaqlar o cümlədən Rəşidəddin Fəzlullah Həmədani-nin “Came ət-təvarix” əsərində “Azərbaycan” sözünün yaranmasını mifik şəxsiyyət olan Oğuz Xan-a mənsub edilir . O həmin əsərdə yazir: ( Oğuz ) öz xüsusi atlarını Ucan-ın geniş və gözəl otlaqlarına buraxdı. Orada olduqları vaxt o, əmr elədi ki, təpə yaratmaq üçün hərə ətəyində torpaq gətirsin və onu bir yerə töksün. Əvvəl o özü ətəyində torpaq gətirib tökdü. Bunu o özü etdiyi üçün bütün döyüşçülər də onun kimi bir ətək torpaq gətirib tökdülər. Böyük bir təpə düzəldi və adını Azərbayqan qoydular. “ Azər” türkcə uca deməkdir, “Bayqan” varlıların, böyüklərin yeri mənasını verir. İslam dövrü tarixçiləri isə Azərbaycan adının yaranmasını bu diyarda atəşkədələrin çoxluğu ilə izah etmişlər. Ərəblərə görə əcəmlərin dilində azər od mənasında olduğuna görə bu ərazi Azərbaycan adlanıb. Həqiqətəndə Sasani dövrünün ən önəmli məbədlərindən biri “Azərqoşunasp” (qoşun başçılarına aid od məbədi) burada yerləşirmiş. Başqa islam qaynaqlarında Azərbaycan adının yaranmasını Nuh sulaləsindən olan “Azərbad”-ın adından yaranması iddia olunur. Bu tarixi mubahisə bu günə qədər davam edir. Bəzi müasir dilçi və tarixçilərimiz bu müddəalarin heç biri ilə razılaşmayıb. Azərbaycan adının qədim türk tayfalarınin biri olan “Az” yaxud “Azar” –ların adından yarandığını söyləyirlər. Lakin elm aləmində bu nəzəriyyələrin heç biri geniş surətdə qəbul edilməyib. Tarixdə ilk dəfə Azərbaycan toponiminin yaranması haqqında mülahizə yürütmüş Yunan coğrafiyaşünası Strabon (24 m.ö-64 m.s ) olmuşdur. Strabon “Coğrafiya” adlı əsərində ( 11-ci kitab, 13-cü fəsil, 1-3 cü bölmələr) bu haqda belə yazır : Midiya iki hissəyə bölünür, bir hissəsi böyük Midiya adlanır, paytaxtı isə Mediya İmperiyasının şah iqamətgahı yerləşən böyük şəhər Ekbatanadır. O biri hissəsi isə Atropaten Midiyasıdır. ( yunanca:Media Atropatene) hansı ki öz adını Böyük Midiyanın bir hissəsi olan ölkəsini Makedoniyalılara tabe olmaqdan qoruyan sərkərdə Aturpat-dan (Atropates )alıb.O özünü şah elan edəndən sonra, özü bu ölkəni ayrı bir dövlət kimi qurdu.... Bu tarixi sənəd qərb aləmində Azərbaycan adının yaranması haqda əsas istinad mərkəzi olmuşdur və demək olar bu sahədə aparıcı nəzəriyyədir. Beləliklə Selokid dövründə yaranan Atropatene, Arşaklar dövründə formalaşaraq Aturpatkan şəkilını almışdır. Bu söz muxtəlif tarixi qaynaqlarda hər dilə uyğun olaraq ayrı – ayrı fonotik dəyişimlərə məruz qalmışdır, o cümlədən : Aturpatakan, Azərbayqanen, Azərbayqan, Azərbadqan, Azərabadqan, Azərbazqan, Azərbican (Ərəb dilində) və nəhayət Ərəbcənin təsirindən Azərbaycan sözü formalaşmışdır. Önəmli türk dili qaynağı sayılan Kaşğarlı Mahmud-un Divane Luğate Türk kitabindakı yer kürəsi xəritəsində Azərbadqan kimi qeyd olunmuşdur, görünür bu sözün qaynağı Ərəbcə yox bəlkə o zamanki Dəri dili olmuşdur. 


Beləliklə Azərbaycan sözünü bir antropotoponim(şəxs adından yaranan yer adı) kimi qəbul edirlər. Lakin burada əsas məsələ Azərbaycan sözünün ilkin forması olan Aturpatkan sözünün etmolojik izahından gedir. Ariapərəst qərb alimləri bu sözü açıqlarkən böyük bir təssübə yol vermiş, onu qədim Pars dili əsasında tərcümə edib tam öz xeyrinə yozmuşlar. Belə ki onlar Aturpatkan sözünü üç hissədən ibarət bir söz birləşməsi hesab edib belə izah etmişlər: Atur : qədim pars dilində od mənasında olub . Pat: qədim pars dilində keşikçı, qoruyan mənasında olub pa və paidən kökündən yaranmışdır. Kan : qədim pars dilində məkan bildirən şəkilçi olmuşdur . Beləliklə Aturpat sözünü od keşikçisi və tam bir fars sözü kimi tərcümə etmişlər. Buna əsas olaraq Avestanın yaştlar kitabının ferverdinyaşt bölümünün 24-cü hissəsinin 102-ci bəndində Ater sözü ilə düzələn bəzi şəxs adları o cümlədən Aterepata söz birləşməsi olmuşdur. Halbuki Ater-lə Atur eyni söz və mənada deyildirlər. Əsl mövzuya keçmədən, Ater sözünün etimologiyasına bir nəzər salaq. Ater sözü qədim Azərbaycan xalqının inancına görə od tanrisi olmuş At (od) və Er ( ər) birləşmələrindən( burada er sözcüyü ilə od-a şəxsiyyət verilmişdir) əmələ gəlmişdir. Həmin tanri sanskrit dilində Agni adlanir. Hind-avropa dillərində od sözü üçün iki kök mövcuddur. Onlardan biri “nkni” və o birisi “pehhur” –dur. İndi isə bəzi Hind-Avropa dillərində od mənasını bildirən sözləri müqayisə edək . Qədim Hindcə : Agni , Rusca : Agan, qədim Selvanicə: Ogni, Litvanicə :Ugunus, qədim Yunanca: Pur, Taxarca: Puwar, Xotəncə: Pehhur, Ermənicə: Hur, Taherlekscə: Por . Göründüyü kimi Ater sözü bu köklərin heç birindən törəməmişdir və onlara heç oxşarlığı belə yoxdur. İndi isə od məfhumunu bildirən qədim Şumercə və Türkcə sözləri Ater sözü ilə muqayisə edək. Qədim Şumercə: Utu (od və günəş mənasında), qədim Türkcə(Orxon – Yenisey abidələrində):Ot, Mahmud Kaşğarlının Divane luğate türk kitabinda Ot, Azərbaycan türkcəsində: Od . Göründüyü kimi Ater sözü etimoloji baxımdan Türkcəyə bağlılığı var . Burada isə ariyapərst alimlərin bir yalanı üzə çıxır. İndi isə Aturpat sözünün digər hissəciyi olan Pat sözcüyünə nəzər yetirək. Bu söz deyilənlərə görə qədim Hind-Avropa dillərində qorumaq mənasında olan Pa felindən yaranma sözdür. Lakin bu sözün Əhəməni dövrünə aid başqa söz birləşmələrində işlənməsi və tam başqa məna verdiyinin şahidiyik, o cümlədən Magupat ( Maglarin başçısı), Hezarpat ( Min başı- orduda hərbi rütbə), Karapat ( piyada qoşunların başçısı) və sairə . Göründüyü kimi Pat sözü baş yaxud başçı mənasında işlənmişdir, hətta başqa hind-avropa dillərinə aid söz birləşmələrində də elə başçı mənasında getmişdir. Misal üçün: sanskritcə Vispati tayfa başçısı mənasında və Litvanicə Veszpats ərbab mənasında olmuşdur . Lakin Pat sözünün Etimologiyasını müəyyən etmək asan iş deyil, çünki bu sözün başqa variantı olan Bod sözü qədim türkcədə elə baş mənasında ( məcazi olaraq insan mənasında) Tonyukuk abidəsində işlənmişdir. Bu sözün cəm forması olan Bodun (başlar-insanlar) xalq mənasında olmuşdur. Bod sözü orta fars dilində də başçı mənasında, bir çox sözlərdə, misal üçün: sepəhbod ( ordu başçısı) sözündə işlənməsı görürük. Bu xulasədən sonra mən Aturpatkan sozünü açıqlamaq istəyirəm. Məncə bu söz dörd hissədn ibarət bir söz birləşməsidir və quruluşca belədir : 1.A+ Tur + Pat +Kan və yaxud 2. A+Tor+Pat+Kan Burada Tur və Tor iki başqa məna ifadə etdiyi üçün ayrıca açıqlanmalıdır. Bildiyimiz kimi A hərfi köməkçi sait olaraq tələffüzü yumşaltmaq üçün bir çox əski dillərdə (əsasən kar samitlə başlanan xüsusi adlarda) sözün əvvəlinə əlavə edilirmiş. Buna nümunə olaraq Aşur mixi yazılarında Maday (midia) Amaday kimi Pasianoy tayfası Apasiyanoy, Mard tayfası, Amard kimi gəlmışdir. Bu qayda həmçinin qədim Orxon-yenisey türk abidələrinin oxunuşunda eynilik təşkil edir. Misal üçün: Parum (böyük rum) sözü Aparum kimi oxunur. Burada isə görünür Tur (xalq adı) sözü Atur kimi oxunmuşdur. Qədim sasanilərə aid abidələrdə Aturpatkan sözü “Twrp’tkn” və “Trptk’n", “Twrp’tk’n” kimi və Arşaklara aid abidələrdə “Twrp’tk’n” formasında yazılmışdır. Burada göründüyü kimi Tur (xalq adı) Twr kimi yazılmışdır və Ater ( od mənasında) sözü ilə tam fərqlidir. İndi isə tarixdə Tur xalqının izini arayaq . Əski yazılı qaynaqlara əsasən Turlar bizim coğrafi bölgəyə aid qədim xalqlardan biri olmuşlar və onlar haqqında müxtəlif epik nağıllar bu günə qədər dolaşmaqdadir. Turlar haqda ilkin məlumatlardan biri Herodotun Tarixlər kitabıdir. O öz dəyərli əsərində onlari Tauri adlandırıb va saka soylarindan sayır və onların yaşayış məskənlərini qara dəniz sahillərinin şimal hissəsi hesab edir. Başqa önəmli qaynaq qədim miflərlə dolu olan Avesta kitabıdır. Burada Turlar Zərdüşta ilkin inananlar sırasından sayılır və onların bəzi şəxsiyyətlərinin adı çəkilir. Avestanin ən əski bölümü sayılan Qasaha(Qataha)-nin 46-cı Yasnanın 12-ci bəndində Turların Frayan sülaləsi haqda məlumatlar verilir.

Daha sonra 13-cü Yaşt sayılan Fərvrədin Yaşt-ın 143-cü bəndində Tuiryan ( Turan ) sözü işlənmişdir :

Digər qaynaqlardan aşur mənbələrini göstərmək olar. Həmin yazılarda Taroi adda qalanın adi çəkilir. Çox ehtimal bu qala Turlara aid bir qala olmuşdur ki II Sarqonun bu əraziyə hücumu zamanı ( 715-712 m.ö) dağıdılmışdır. Daha qədim akkad və aşur mənbələrində Turukki adlı xalqın adı çəkilir ki həmin Tur xaqı olması ehtimalı var. Tədqiqatçı alim Firudin Cəlilov həmin lövhələrdəki yazıları bir yerə toplayaraq nəşr etdirmişdir : 


Göründüyü kimi bu yazilarda Tur-a əlavə şəkilçilər artırılmışdır . Turuki sözü bir növü bu günkü Türkü sözünü anımsayır. Burada Tur + uk ( əski cəm şəkılçisi) Türk sözünün ilkin formasını görmək olur. Tur sözü başqa qədim cəm şəkilçi ilə birləşərək (Tur +an) , Turan sözü yaranmışdır. Turların bir qismi tarixin ən əski çağlarında öz ata yurdu olan Azərbaycan ərazisindən köç etmiş şərqə, qərbə və şimala doğru hərəkət edərək o bölgələrdə aparıcı xalq olaraq yerli əhalı ilə qaynayıb-qarışıb, müxtəlif tayfa və qəbilələr yaratmışlar. Lakin danışıq dili baxımından Turların dili əsas götürülmüşdür. Orta Asiyada Turan və Türküstan (Turların ölkəsi) sözlərinin bu günə qədər yaşaması bəzi alimlərin çaşmasına səbəb olmuşdur və Turların ata yurdunu elə Orta Asiya hesab etmişlər. Turlar köç edərkən fəlsəfi, dini və mifik baxışları ilə yanaşı, bu günkü Göytürk əlifbasının ilkin formasını da özləri ilə Orta Asiyaya buradan daşımışlar. Tenqrilik inamını və mifik Turan xaqanı Fərənqərəsin (Əfrasiyab) Alpərtunqa nağılı bunlara nümunədir. Lakin Sasani imperatoluğu dönəmindəki Orta Asiya türkləri ilə sərhəd çəkişmələri bu mifik nağılı şaxələndirmiş və bu xaqan Orta Asiya xaqanı kimi təqdim edilmişdir. Lakin Avesta kitabına görə hadisələr Urmu gölü ətrafında baş vermiş və bu xaqan isə orada həlak olmuşdur.İndi isə Tur sözünün etimologiyası haqda mülahizə yürütmək istərdim. Bu haqda bu günə qədər çoxlu fikirlər söylənsədə, məncə çox qaneedici deyildir. Buna görə bölgənin ilkin qaynaqlarına üz tutmaq lazimdir. Bu məntəqədə Turların dilindən çox yararlanmış xalqlardan biri sayılan Şumerlərin dilində bu sözə nəzər salaq. Şumer dilində Tur sözü keçi balası və gənc mənasında olmuşdur. Beləliklə Tur sözünü keçı balası götursək bölgənin 7000 il öncədən rəsmi, dağ, daş, saxsı qablar və qızıl camların üzərində nəqş olunmuş keçi şəklinin müqəddəs inanc simvolu olduğunun bir daha şahidi oluruq. Keçi heyvanı astral inancin ilkin heyvan simvollarındandır. 



 Bu simvollara inək heyvanı da daxildir. Əski inanclara görə yağışın yağması və çayların axmasına ay tanrısı və yaxud başqa göy cismlərinə aid tanrılar  səbəb olurmuş və keçi  heyvanı, yer üzündə həmin tanrının simvoluna çevrilmişdir. Belə olduqda Tur sözü teonim halına dönmüşdür. Bir çox qaya rəsmlərində yer alan keçi şəkili insanların ilkin inanclarında totem olmasından xəbər verir.

Turların bir qisminin ata yurdundan Orta Asiyaya köçdükdə, yerli əhali bu sözü öz dillərinə tərcümə edib özlərini Oğuz adlandırmışlar. Oğ sözü keçi mənasında, uz sözcüyü isə əski cəm şəkilçisidir. Həmin sözdən oğlaq ( keçi balası) və oğlan ( gənc erkək) Tur sözünün ilkin mənasına uyğun gəlir. Hərçənd bəzi dilçilər oğuz sözünü öküz sözündən alındığını hesab edirlər.İndi isə Torpat (aTorpat ) sözündəki Tor sözünü başqa versiya kimi nəzərdən keçirək. Orta türk dilində Toruğ sözü ilxı və dolayısı ilə at mənasında olmuşdur( DLT), Toruğ at(rənginə görə _ DLT) Torığat ( KT ş.33)   dilimizdə bu gündə işlənən Qatır ( Qəter – DLT ) sözünün tərkibində hətta Avesta kitabinda işlənən Staora sözündə (taora) bir növü Tor sözünü əks etdirir. Beləliklə Tor sözü əski dövrdə at heyvanını ifadə etsə , Torpat sözü ola bilsin süvari başçısı mənasında işlənmiş və orduda hərbi rütbə bildirirmiş.Indi isə Aturpatkan-nın sonuncu hissəsi olan Kan sözünü araşdıraq. Azərbaycanda (xüsusi ilə Güney-də) paleotoponimlərin bir qismində iştirak edən bu topoformant müxtəlif formalarda (kan, qan, gan, xan) gözə çarpir. Bildiyimiz kimi toponimlərin yer qatları kimi təşəkkül tarixi vardir. Bunları ayırmaq üçün topoformantlar bizə yardımçı ola bilirlər. Kan şəkilçisi təxminən miladdan öncəki əsrin sonlarından yer adlarinda görünməyə başlayir və Ərəblərin işğalına qədər davam edir. Bu söz leksik mənada bu günkü xan sözünün əski deyimidir, etimologiya baxımından daha əski türk sözüdür. Bu sözü eradan əvvəl 2-ci minillikdə bölgənin bəzi hakimlərinin adında görürük . Kuti şahlarından TiriKan və Elam şahlarından EnpiluXan adlarının sonu bu sözlə bitir. Orxon-yenisey abidələrində bu söz Kan və DLT kitabında Xan kimi yazılmışdır.Bu sözün toponimlərdə formant kimi işləməsi ilkin yer adlarında hakimin şəhəri seçilsin deyə yer adlarına artırılmışdir və görünür sonralar ümumiyyət tapmışdır. Lakin yer adlarında bu sözün və bu mənada olmuş və daha sonra toponimlərimizdə formant kimi iştirak etmiş Vang( Van), Çuvang (Çuvan), Cuvang( Cuvan) və bu sözlərin yumşaq formalarının ( Vin , Çin , Cin ) yer adlarımızda işlənməsi səciyyəvi xarakter daşıyır. Bu sözlər mənşəcə Hun, Monqol sözləri olsalar da, toponimlərimizdə işlənməsi qaçırılmazdır və bu sahədə daha artıq tədqiqə ehtiyac vardır. Kan sözündən yaranan Kənd (Kand) sözü artıq müstəqil şəkildə yaşayış yeri bildirir. Kaşğarlı Mahmud (DLT) kitabinda Kan ( Kən) sözünü Kənd sözündən yaranma hesab edir məncə burada əksinə olaraq Kənd sözü Kən (Kan) əmələ gəlmişdir . Beləliklə Aturpatkan sözünün bütün elementləri qərəzsiz və olduğu kimi mənim tərəfindən araşdırıldı . Bu sahədə alimlərimizin butun fərziyələrinə hörmətlə yanaşıram

12 Nisan 2011 Salı

Ekbatan

Yengi Ögə





 Mad ( Midiya ) dövrinə aid bir toponim 

Tarixi qaynaqlarin verdiyi məlumata görə Madlarin ən önəmli şəhəri və paytaxtı Ekbatan sayılırmiş. Bu şəhərin adına qədim Həxaməneş (Əhəməni ) mixi yazilarinda daha sonar Yunan qaynaqları o cümlədən tarix atası Herodotun ( 483-425 m.ö ) yazdığıTarixlər” adlı əsərinin birinci kitabında rast gəlinir. Herodotun yazdığına görə Ekbatana şəhəri  birinci Mad şahı Dayukku (709-656 m.ö) tərəfindən salınmışdır.O bu şəhərin yeddi qat qala divarlari ilə əhatə olunduğunu və şah sarayı ilə xəzinənin qalanın içində yerləşdiyini yazır və hətta bu divarlarin çıxıntı dişlərinin hər birinin ayrı-ayrı rəngdə olduğunu qeyd edir.Aşur daş qazmalarının birində həmin şəhər və sarayın görüntüsü Herodotun yazdığı kimi təsvir olunmuşdur.Ekbatan sözü qədim Yunan yazılarında   γβάτανα Agbatana  və κβάτανα Ekbatana  formasında , sonuncu Babil şahı  Nabonid-ə (556-539 m.ö) aid mixi yazıda Agámtanu,  Həxaməneş  şahı 1-ci  Daryuş- un (522-486 m.ö)  Bistun dağında üç dildə yazdığı kətibədə  belə işarələnmişdir :


Qədim Parsca :     
Babilcə :
Elamca :

Bu sözü məna edərkən irqpərəst ariyaçılar yenə təəssübə yol verib, toponimika elminə önəm vermədən yalnız  qədim fars dili əsasında onu “toplanma yeri” kimi izah etmişlər. Lakin həmin toponimi  müqayisə yolu ilə tam başqa cür məna etmek olar. Azərbaycan ərazisində Ekbatan sözünə oxşar bir neçə toponim mövcuddur. Onlardan Ayıbatan, Lökbatan, Ceyranbatan, Atbatan, Arbatan və sairə bizə tanışdır. Burada göründüyü kimi toponimlərin sonunda iştirak edən batan, şəkilçi (topoformant) kimi görünür.Bəzi dilçilərimiz bunu sadə yolla batmaq felindən yaranan fail ismi batan hesab edirlər məncə bu doğru deyil və sözün kökü üç min ilə qədər gedib çatır.Bu söz çox ehtimal qədim Azərbaycan ərazisində danışılan prototürk sözu Matan yaxod Batan yurd, vətən mənasinda olmuşdur bu söz qədim Akkad dilində matu olaraq işlənmişdir. Xatırlatmaq lazimdir qədim şümer və akkad dilində mövcud olan bir çox qedim türk sözlərinin  olmasını  dilçi və tarixçi alimlər sükutla qarşılayırlar.
Yuxarıda sadalanan toponimlərdə batan şəkilçisinin ilkin hissəsində bir heyvan adı iştirak edir:  Ayı, Ceyran( ceylan),  Lök (bir hürgüclü erkək dəvə ), At, Ar (çox ehtimal qurd).  Bu müqayisə ilə Ekbatan sözünün birinci hissısi yəni Ek (müxtəlif dillərdə: Ag, Hag,Ak )  sözü bir heyvanı ifadə etməlidir .Bu söz indi işlək deyil lakin qedim türkcədə “ıkılaç” yaxod “ıqılaç” əsil yüyürək at ,hündür gözəl at mənasında işlənirmişdir. Bu söz Mahmud Kaşğarlının Divan Loğat Türk kitabinda gəlmişdir.  Qədim Latin dilində at heyvanına  “Equus” deyirdilər.Bildiyimiz kimi at heyvani avropaya asiyadan getmədir yəqin adi isə elə oradan getmişdir. İndi Ekbatan sözü tarix boyu müxtəlif dillərin təsiri ilə Həmədan formasını almışdır lakin o bölgəyə aid olan ,minik atlar və yük daşıma qabiliyyəti yüksək olan iri Həmədan ulağları hələ unudulmayib.  

31 Mart 2011 Perşembe

Tecərə

Yengi Ögə


 Mad ( Midiya ) dövrinə aid bir toponim !          

Tacara



Tecəre” yer adi İran coğrafiyasinda “Təcərəq” kimi qeydə alınmışdır və bir sözlə yayqin toponimlərimizdən sayılır. Guney Azərbaycan ərazisində və ondan qıraq yerlerdə rast gəlinir. Buna misal olaraq Əcəbşir şəhərinin qalaçay hövzəsində, Ərdəbilin qərbində, Miyana şəhərinin şimal şərqində, Marğa şəhərinin ətrafında, daha sonra Ərak, Məlayer, Savə, Xansar, Tusirkan, Bəşriyyə  şəhərlərinin yaxınlığında hətta Təcriş yer adında belə rast gəlinir.    Bu toponimin yayılma coğrafiyasını nəzərə alsaq qədim Mad (Midiya)  ərazisini bir sözlə canlandıra bilərik. Tecərə sözünün etimoloqiyasini müasir Türk, Fars, və Ərəb dilləri ilə izah etmək çətin görünür çünki heç bir dilin söz xəzinəsinə daxil deyildir hər çənd bəzi araşdırıcılar müasir Türk dili ile onu izah etməyə çalışıblar. Bu sözün izini tarixi qaynaqlarda ararkən,1-ci Daranin ( Dariyuş) Perspolisdəki sarayının mixi daş yazısında rast gəlirik. Bu yazıda Tecərə sözü Tacara  kimi qeyd olunub və saray , şah iqamətgahı məna edilir  :                                                 



Mixi yazının oxunuşu :

1. Dârayavaush : xshâyathiya :
2. vazraka : xshâyathiya : xshâ
3. yathiyânâm : xshâyathiya :
4. dahyûnâm : Vishtâspahy
5. â : puça : Haxâmanishiya : h
6. ya : imam : tacaram : akunaush

 Tərcüməsi :
 “Dariyuş böyük şah, şahlar şahı, ölkələr şahı, Viştaspın oğlu, bir Həxaməniş (Əhəməni), bu  sarayı(Tacaranı ) tikdi.”

Tacara ilə yanaşı Həxaməneşi ( Əhəməni ) yazılarinda şah sarayı mənasında daha iki söz işlənmişdir onlarin biri Hadiş və başqası Apadana-dır. Onların bir-biri ilə nə fərqi olduğunu biz bilmirik.Ola bilsin bu üç söz əhəmənilər tərəfindən məğlub edilmiş müxtəlif xalqlarin dilindən alınma sözlər olsun. Bu sözlərdən yalnız Tacara sözü bu günə kimi toponimlərdə qalmaqdadir.  Tacara sözünün mənşəi tam bəlli deyildir. Əhəməni yazılarında işlədilmiş söz bazasi çox məhduddur. Onlarin ümumi sayi heç 400 sözü belə aşmir və bu sözlərin bir çoxu onlardan öncə hakimiyyətdə olmuş Midiya xalqlarının dilindən və qədim Elam dilindən alinma sözlərdir. Midiya dilində  çox ehtimal qədim prototürk sözləri daha aparici olmuşdur . həmin ərazilərdə paleotoponimlərin türk dili vasitəsi ilə asan açıqlanaması və o dövrə aid şəxs adlarının izahı əyanı sübutdur   hərçənd süni formada təəssübkeş ariapərəstlər öz xeyirlərinə bir çox yalanlar uydururlar ve Midiyalıları arian hesab edirlər.  Tacara sözünün etimoloqiyasina gəldikdə həmin ariapərəst alimlər susurlar. Onlardan ən adlımı Amerikalı İranşünas Riçard Nelson Frye-dir. O The heritage of Persia"
( Persiyanin mirası) kitabinda belə yazir: “Tacara sözünün kökü bəlli deyildir çalışıblar onu müsbiqə meydançası və stadion kimi məna etsinlər”. Lakin sonra həmin sözü başqa mətinlərlə   müqayisə edərək artırır:”belə düşünmək olar Tacara şah üçün öz həyatında kiçik bir behişt olmuşdur”. Hər halda alimin bu haqda öz mülahizəsi olmuşdur məncə bu söz həmin Əhəməni mətinlərində işlənmiş və quruluşca bu sözə bənzəyən əski türk sözü olan Əkərə” (əkin yeri mənasında- bu söz Azərbaycanin bəzi ucqar yerlərində indidə işlənməkdədir.) sözünə çox oxşayir. Əkərə isim olaraq əkin yerini (məkan) bidirir və Tacara hükumət yerin (şah sarayın). Bu yöndə başqa axtarışları dilçi alimlərimizə həvalə edirik.
Mən Tecərə toponiminin araşdırmasi üçun yalnız Əcəbşır şəhərinin yaxınlığlnda yerləşən kəndi yaxından tədqiq etmişəm. Burada həqiqətən bir qalanın keçmişdə mövcud olduğundan xəbər tutdum . Kənd əhalisi həmin qalanın yerləşdiyi məkanı Köyündüz ( kohəndej ) adlandırırlar. Ola bilsin başqa Tecərə kəndlərində qədim tikili qalığına rast gəlinməsin çünki toponimlərimizin bir çoxu köçlər nəticəsində başqa məkanlara daşınıb yenidən yaşamişlar. Burada  maraqlı məqam bir toponimin  2500 ildən artiq yaşamasıdır…