Yengi Ögə
Mirəli Seyidov “Azərbaycan mifik təfəkkürünün
qaynaqları” adlı monoqrafiyasında bildirir
ki, son vaxtlara qədər Azərbaycanın bir çox yerlərində ağac pirləri
olmuşdur. Həmin pirlər əsasən uşaq - doğum pirləri kimi də məşhurdur. Buraya
doğmayan qadınlar övlad arzusu ilə gəlib tapınar, səcdəyə düşərmişlər. Alimin
yazdığına görə, ağacın doğum piri olması , onun həm dünya ağacının atributu
olmasına işarədir, həm də bu inamın Umayla mifoloji əlaqəsinin təzahürüdür. Ardıca
və başqa ağaclara belə münasibət ağac
onqonu ilə əlaqədardır, ağaca
sitayişin əlamətidir.
Kökü minilliklərin dərinliklərinə qədər uzanan bu
inancın izlərinə bu gün də rast gəlinməkdədir. Bu baxımdan Şəmkir və Tovuz
rayonlarının ərazisində mövcud olan bir neçə ağac pirini misal çəkmək olar. Məsələn,
Şəmkir rayonunun Tatar kəndində yerli əhali tərəfindən müqəddəs sayılan iki ocaq məvcuddur ki, bunlardan biri “Dağdağan ocağı”, digəri isə “Düldül ocağı” adı ilə
məşhurdur. Bu iki ocaq oxşar quruluşa malikdirlər. Hər iki ocaqda bir məzar, və
məzarın ayaq və baş tərəflərində dağdağan ağacları əkilmişdir.
Maraqlıdır ki, məzarların üst hissələri ənənəvi müsəlman
qəbirlərindən fərqlənir və daş kurqan qəbirlərini xatırladır. Yəni onların üzərinə
topa şəkildə daş parçaları yığılmışdır və bu daşlar kiçik kurqanı xatırladan təpəciklər
oluşdurmaqdadır.
“...Dağın üstündə böyük
bir ağac var, o ağac pirdi. Gərək ona
yaxın getməyəsən. On beş metr aralıda dayanasan. Qollarını açasan, çağırasan.
Özü də çağıranda səs verir. ”Ay pir “ deyəndə səs verir, ona nə sözün var ürəyində
deyirsən, apardığın ayın-oyunu da qoyursan yerə, dala baxmadan qayıdıb gəlirsən”.
Eyni inanc sistemi digər türk xalqlarına da
xas olub. Məsələn, telenqitlər inanırdılar ki, hər ağacın ezzе-sahibi, ruhu var.
Оnların inamına görə ağacın ezzi-sahibi ruhu (aqaştın ezzi) insan taleyini himayə edir,
bu üzdən də onlara qurbanlar verilərdi.
Yakutlarda sоnsuz qadınlar yuvalı qara şam ağacına gələr, ağ at dərisini ağacın altına sərib
ağacın qarşısında dua еdərlər. Altay
mifоlоgiyasına görə göy üzünə dоğru çоx böyük şam ağacı yüksəlir. Göyləri dəlib
çıxan bu ağacın təpəsində Tanrı Ülgən оturur. Qadir Qədirzadə Sibir və Altay
xalqlarında ağaclara bеz, parça bağlamanı
ağac yiyəsini (iççi) razı salmaq, yaxud ağac ruhuna qurban xaraktеri daşıması ilə izah еdir. A.M.Saqalayev yazır ki, dağ və göllə yanaşı, ağac
da türk mifologiyasının ən qədim
obrazlarından hesab olunur. Hunlar ağaca at qurbanı kəsir, kəlləsini və dərisini
də budaqlarına asırdılar .
Yakutlarda
sоnsuz qadınların yuvalı qara şam ağacına gələrək, ağ at dərisini ağacın altına sərməsinə, ağacın qarşısında dua
еtməsinə, qədim hunların isə ağaca at qurbanı kəsməsinə, kəlləsini və dərisini də budaqlarına
asmalarına bənzər adətin izlərinə “Düldül
ocağı”nda rast gəlinməkdədir. Belə ki, ziyarətçilər bu ocağa at nalları gətirir
və daş topalarının üzərinə qoyurlar.
Azərbaycanda müqəddəs ağac funksiyasını daha çox dağdağan
ağacı daşımışdır. Onun qol-budağını qırmaq böyük suç sayılıbmış və bu işi görən
şəxsin lənətlənərək ağac əyəsi tərəfindən muxtəlif ziyanlara düçar olduğuna
inanılıb. Dağdağan ağacı sehirli gücə malik olduğundan yalnız qamlar (şamanlar)
onun budaqlarından kiçik hissəciklər ayıraraq üzərinə isti dəmirlə bir neçə xət
dağlayıb körpə uşaqların paltarlarına sancaqlayaraq onu bədnəzərdən
qoruyurmuşlar. Bu inanc da bu günə qədər yurdumuzun ucqar yerlərində hələ də öz
önəmini itirməmişdir və yaşamaqda davam edir. Belə yerlərdən biri yuxarıda adını
çəkdiyimiz Tatar kəndidir. Burada əhali, islam dininə inanmasına baxmayaraq, hələ
də öz kəndlərində məscid tikməyib və onların yeganə tapınaq yeri həmin
ocaqlardır. Bölgə əhalisi dini matəm günlərində belə sözügedən ocaqların ətrafına toplaşırlar.
Yuxarıda qeyd etdiyimiz kimi, Düldül ocağı ağaca və
ağac əyəsinə inancla bərabər, at kultuna inancın izlərini də özündə daşıyır.
Ocağın adından da göründüyü kimi (Düldül Həzrət Əlinin atının adıdır) bu ocaq əsasən
ata müqəddəs heyvan kimi baxışı aşılamaqdadır. Bu ocaqda bir qayanın üzərində
at nalının izi qazılmış və tapınaq bununla daha da qutsal xarakter almışdır. Bənzər halla Tovuz rayonu ərazisindəki
Haçaqaya ocağında üzləşmək mümkündür.
Məsələ burasındadır ki, əski türk inanclarını
islamiyyət dönəmində də yaşada bilmək üçün türklər bu inanclarını islami motivlərlə
bəzəmək məcburiyyətində qalmış, həm Düldül, həm də Haçaqaya barədə islamiyyətlə
əlaqələndirilən yeni bir nağıl uydurmuş, bu yolla da əski tapınaq yerlərini dağıdılmaqdan
qorumuşlar. Uydurulmuş yeni rəvayətə görə, islamiyyətin başlanğıc dönəmində bu ərazilərdə
güya Salsal adlı zülmkar bir pəhləvan hakim yaşayırmış. Bu hakim yerli xalqı
incidib zülm etdiyindən onlar zamanın xəlifəsi olan həzrət Əliyə məktub yazıb
ondan şikayət edirlər. Həzrət Əli özü atı Düldülün belində, çaparaq Salsal pəhləvanın davasına gəlir. Yol
sərt qaya ilə örtüldüyündən qılıncını qayıya çarparaq atının keçişinə yol açır
və burada atı Düldülün ayaq izi qayada qalır.
Nəhayət Salsalı yenərək geri dönür...
Azərbaycan ərazisində
Düldül adı daşıyan bir çox ocaqlar mövcuddur. onlardan biri də Cəbrayıl rayonundakı Düldül
ziyarətgahıdır. Təbii ki, həmin ocaqların nə həzrət Əli, nə də onun atı ilə heç
bir əlaqəsi yoxdur. Lakin zamanla xalq özünün uydurduğu yeni əfsanəyə inanmağa
başlamışdır.
Artıq söylədiyimiz kimi, Düldül ocağında bir məzar
bulunmaqdadır. Bu məzarda uyuyan şəxsin kimliyi haqda (yerli xalq onun hansısa
seyid olduğunu iddia edir) elə həmin məzarın yaxınlığnda kiçik bir qaya üzərində
əski türk runik işarələri ilə bir yazı möcud olmuşdur. Lakin bu yazıya önəm
verilməmiş və o, ocağın ərazısi genışləndirilərkən traktorla məhv edilmişdir. Amma
xoşbəxtlikdən həmin yazının üzünü vaxtı ilə dilçi alim Firudin Cəlilov köçürmüş
və öz “Azər xalqı” adlı kitabında nəşr etdirmişdir. Gerçəkləşdirdiyimiz oxunuş
da məhz həmin şəklə əsaslanır..
Şəkildən göründüyü kimi yazı iki yanaşı qaya üzərində
yazılmışdır . Birinci qayada qədim kufi xəttinin həndəsi forması ilə iki ərəb
sözü və bir rəqəm yazılmışdır. İkincı qayada isə türk runları ilə yazılmış kiçik
bir mətn yer almaqdadır.
Gəldiyimiz nəticəyə
görə bu məzar müsəlman bir türkün qəbiridir və islamın yayilmasının ilk
çağlarına aiddir. Yazıda isə aşağıdakılar qeyd olunub:
Y(I)NAL (şahzadə) İKŞİSİNq (İkşisin) KÖB
(köp, uyuma) YERİ
(yeri) – Şahzadə İkşisin qəbridir.
Sondakı dörd
hərfi (KBYR), yazının islam dövrünə aid olduğunu nəzərə alaraq, “qəbiri”(şahzadə İkşisin qəbiri)
kimi də oxumaq olar. Həmçinin qədim qıpçaq türkcəsində Qoba sözü oyuq, xəndəq mənasında olmuşdur ki bir növi qəbir mənasını andırır. Hərçənd ki, birinci versiya daha ağlabatandır.
Ərəb yazısı : Fİ 135(8) ƏN
Qeyd edək ki, ərəb yazısındakı 135 (və ya 138) ədədi güzgü əksi formasında tərsinə yazılmışdır ki, bu da onu yazanın ya ərəb
yazı sistemini yaxşı bilməməsindən, ya da bu yazının kriptoqram (gizli yazı)
olmasından xəbər verir. Ehtimalən həmin ədəd şahzadənin ölüm tarixini, yəni
hicri 135(138)-ci, miladi 752 (755) -ci ili göstərir. Yox, əgər burada
kriptoqramla üz-üzəyiksə, o zaman əbcəd
sistemindən istifadəyə ehtiyac yaranır. Bu sistemi 138 ədədinə tətbiqi heç bir
məna ifadə etmir. 135 isə قلة “qolle” (qüllə, zirvə, dağ başı və s.) anlamına
gəlir. Əgər bu versiya doğrudursa, o zaman 135, yəni “qüllə” kəlməsi eyni
mahiyyətli ocaq olan Haçaqayaya işarə edə bilər.
Tovuzun ən maraqlı abidələrindən biri də üzərində
alban yazılarının olduğu söylənilən, Yanıqlı yaxınlarında, dağ başında yerləşən
qəbir daşlarının bulunduğu qədim alban məzarlığıdır. Belə yazıları gördüklərini
yerli sakinlər təsdiqləməkdədirlər. Fəqət qəbristanlıq artıq keçilməz,
tikanlarla dolu kol və ağaclarla örtülüb və qəbirlərə ulaşmaq xüsusi alətlər olmadan
mümkün deyildir. Sadəcə iki qəbir daşını görmək olur ki, onların da hər
ikisinin üzərində sadəcə xaç işarələri var. Üzərləri mamırla örtülü olduğundan
onlarda yazıların olub-olmadığını müəyyənləşdirmək çətindir. Mamırları təmizləməklə
ehtimali yazıları təxrib etmək olar. Bu işi mütəxəssislər görməlidirlər.