Axtar

31 Mart 2013 Pazar

Yazımızın başlanğıcı: Gəmiqayadakı türk damğaları və onların anlamı (IV bölüm)

Yengi Ögə





Qobustan və Gəmiqayayadakı petroqiliflərin araşdırılıb incələməsi Azərbaycanın əski türk yazı və kültür ocağı olduğnu əyani şəkildə sübut etməkdədir. Gəmiqayadaki ibtidai yazı örnəklərini petroqilfdən damğa yazısına keçidin ilkin nümunələri saymaq olar :



Gəmiqayadakı bəzi petroqiliflər əski türk işarələrindən biri olan“
damğasının hansı rəsmin təkamülü nəticəsində yarandığını və qayaüstü rəsmdən damğaya keçidin necə baş verdiyini əyani surətdə nümayiş etdirməkdədir. Sözügedən damğa əski türklərin inanc sistemində zoomorf bir obrazın, daha dəqiq desək, “İlan” rəsminin damğaya, daha sonra isə fonetik işarəyə çevrilməsinin ən bariz örnəklərindən biridir. Məlum olduğu kimi, ilan kultu, demək olar ki, bütün qədim sivilizasiyalarda mövcud olub və bu baxımdan qədim türklərin yaradıcılığı da istisna deyildir. Yəni ilan kultu türk toplumunda da önəmli mövqedə olmuşdur ki, bunu qayaüstü rəsimlər və  arxeologi materallar açıq şəkildə ortaya qoyur. İlan müxtəlif kültürlərdə çeşidli obraza malik olmuş və çox vaxt bu obrazlar biri-biri ilə ziddiyyət təşkil etmişdir. O bəzən əbədilik, müdriklik simvolu, bəzən tanrıların qoruyucusu, bəzən iblisin yardımçısı, bəzi hallarda isə şəfa verici və sair kimi çıxış edirdi.
Əski türk inanc sistemində ilan obrazının nədən ibarət olduğunu tam anlaya bilmək üçün türk xalqlarının mifologi görüşlərini araşdərmaqla yanaşı, türk kültür və düşüncəsinin beşiyi sayılan Azərbaycan və İran yaylasında tarixi bəlgələri öyrənməmiz önəmlidir. Azərbaycan ərazisində ilan kultuna aid ən qədim bəlgələr Naxçivan bölgəsinə aiddir. Burada bu günə kimi ilan və onun mifik surəti sayılan əjdaha ilə bağlı hekayə və nağıllar dolaşmaqdadır.
İlan kultunun bir çox toponimlərdə qorunub saxlanması və daha önəmlisi isə Gəmiqaya petroqiliflərində bu zootipin geniş yer alması çox diqqətçəkicidir. Demək olar ki, keçi rəsmlərindən sonra ən çox məhz ilan rəsmlərinə muraciət edilmişdir və burada ilanın gah astral xarakterli varlıq, gah da yeraltı dünyanın təmsilçisi kimi   (çox ehtimal “Erlik” qismində ) çıxış etdiyini görməkdəyik. Bəzi səhnələrdə insan ilanı, digər səhnələrdə isə ilan insanı qovur. Bir rəsimdə isə üçbaşlı ilan (əjdəha) muhasirəyə alınmış vəziyyətdə təsvir edilib.. Gəmiqayanın əksinə olaraq, Qobustanən qaya rəsmlərində bu heyvana az yer verilmişdir. Burada bir səhnədə keçi ilə ilan yanaşı rəsm edilib. Başqa bir səhnədə isə “Oyuq” ( xəyali qorxunc varlıq) saydığımız, ortası deşik, əlində ilan tutmuş “Erlik”i andıran başqa bir rəsm mövcuddur.



Əlində ilan tutmuş “Erlik xan”. Gəmiqaya.



Əlində və önündə ilan olan, oyuqa oxşayan “Erlik xan”. Qobustan.


Bildiyimiz kimi, ilanlar növlərinə görə quruda və suda yaşaya bilirlər. Odur ki bir çox hallarda, formaca su dalğasını xatırlatdığına görə və mifik rəvayətlərə əsasən  su iyəsinin (əyəsinin) bəzən ilana dönüşə bildiyindən, bu  funksiyasını da daşıyıb və onun şəkili su qabları və küzələrin üzərinə rəsm edilib.






İran yaylasından tapılmış ilan rəsmli su qabları




Hindu dərəsindən üzə çıxarılmış oxşar mədəniyyət (Harappa uyqarlığı).


Etimoloji baxımdan “ilan // yılan ” sözünün “yer /er” sözü ilə bağlılığı vardır. Bu halda, əlbəttə ki,əski türk dilinin fonetik variantlarında rast gəlinən L > r dəyişmələri göz önündə tutulmalıdır:



Amma bəzi dilçilər bu kəlmənin yanlış olaraq guya çincədəki “lung” sözündən alındığını söyləyirlər.
Qədim türkcədə ilan üçün daha bir söz işlənmişdir bu isə İ (incə) sözüdür. Bu söz isim kimi unudulsa da sifət kimi bu günə qədər gəlib çatmışdır və sa felinin həmin sözdən yaranma ehtimalı var  . Bu kimi hallara XI əsr türk dil bilim adamı Mahmud Kaşğarlıda rastlamışdır. O, “Tonqa” sözünü qələmə alarkən belə yazır: “Bu ad türklərdə yaşayır, ancaq ilkin mənası unudulmuşdur. Əsasən kişi adları olaraq istifadə edilir.”
“İnçkə” sözü adi ilan növünü bildirmiş və daha böyük ilan və sürüngənlərə o cümlədən mifik əjdahaya -King (daha gen / enli) deyilmişdir.
Keçmişdə ilan  totemi ilə bağlı müqəddəs yerlər olub ki, onlardan Mingəçevirdə “İncimi bulaq - pirini göstərmək olar. “İnçkə” (incə) kəlməsi də toponim kimi bir çox yer adlarımızda qorunub saxlanmışdır. Bunlara “İncə”(Göyçay və Şəki rayonlarında kənd), “İncədərəsi”(Tovuz rayonunda) , “İncəçöl” (Cəbrayıl rayonunda) , “İncəçay”(Cəlilabad və Cəbrayıl rayonlarında), “İncəsu”(Qazax rayonunda) kimi toponimləri aid etmək olar. Fikrimcə, hətta Güney və Quzey Azərbaycanda “Alınca // Əlincə” adı da (qırmızı ilan mənasında) bu qəbildəndir.
Qədim tikililərin qırmızı kərpiçdən hörülmüş duvarlarına bəzən “qızıl İlan” deyildiyi məlumdur. Deyilənlərə onu da əlavə edək ki, Alınca şəxs adı kimi tarixi qaynaqlarda həkk olunub. Həmçının İlanlı tayfası da mövcud olub. Naxçıvan bölgəsində “İlanlıdağ” oroniminin mövcudluğu və Nək / Nəx sözcüyünün Naxçıvan toponimində iştirakı bölgənin ilanla əlaqədar dərin mifik köklərin varlığından xəbər verir.
“Nək” sözü qədim mədəni əlaqələr nəticəsində sanskrit dilinə də yol tapmışdır və yanlış olaraq dilçilər bu sözün mənşəyini həmin dillə bağlayırlar. Lakin əski türk damğa və işarələrində belə bir səsin olması bu sözün yaranma bölgəsini bizim ərazi ilə bağlamağa əsas verir. Gəmiqaya damğa yazılarında qoşa başlı ilanı (yaxud mifik əjdaha) xatırladan Naqa damğası sonrakı türk əlifbasında Nq (sağır nun) diftonquna dönüşmüş və əski türkcəmizdə seçilən səslərdən olmuşdur. Təəssüflər olsun ki, bugünkü Azərbaycan və Türkiyə türkcəsində bu səs əlifbadan çıxarılmışdır.




Qədim mifik baxşılarda əjdahalar bir neçə başı olan varlıq kimi təsəvvür edilmiş və ümumən   müsbət obrazı xarakterizə etməmişlər . Onlar bir çox vaxt çayların və suların qarşısını kəsən, gözəl qız-gəlinləri oğurlayan, xəzinələri muhafizə edən kimi də göstərilmişlər.



Naxçıvan bölgəsində ilan və əjdaha ilə bağlı bir çox əfsanələr movcuddur. Onlardan birində Araz çayının çənub sahillərindən ilanların sürü ilə suyu keçərək, qarşı tərəfin ilanları ilə qanlı muharibə etmələrindən danışılır.
Tarixi qaynaqlarda bir neçə qala və yer adında Mar (ilan) sözünün işləndiyinin şahidi oluruq. Elxanilər dövrü tarix və coğrafiya alimi Həmdulla Mustofi Qəzvinini Naxçıvan yaxinlığında “Surmari” və “Taqmari” adinda qalaların qalıqlarından xəbər verir.  Həmçinin Culfa (Güney.Azərbaycan) şəhərinin yaxınlığında Dizmar toponimi mövcuddur. İran yaylasında oxşar toponimlər daha çoxdur. Buna səbəb ilan kultunun ən əski çağlardan inanc sistemində önəmli yerə malik olmasıdır. Məsələn, elamlıların dini düşüncələrini ilansız təsəvvür etmək mümükün deyil. Bu yöndə yetərincə tarixi və arxeoloji bəlgə mövcuddur. Elamllıların ən tanınmış tanrılarından “İnşuşinak ilan tanrısıdır. Bu tanrını əsasən Şuş şəhərinin tanrısı adlandırırdılar. Bununla belə, həmin tanrı Elam tanrılar sistemində həməşə birincı sıralarda yer tutub. Sözügedən tanrının adı miladdan öncə III minilliyin  ikinci yarısında protoelam əlifbası və qədim Akkad dilində yazılmış Kutikinşuşinak adlı şaha aid bir mətndə çəkilir. Bu söz həmin əlifbanın sırrının açılmasında böyük yardımçı olmuşdür : 





1.   te-im-tik nap in-şu-şi-na-ik un-ki
2.   u ku-ti-ki-şu-şi-na-ik zunkik bal-me-ka
3.   hal-me-ni-ik şu-şi-im-ki
4.   şi-in-pi-hi-iş-hu-ik
5.   şa-ki-ri nap-ir lik hi-an ti-la-ni-li

Mətndən göründüyü kimi, birinci sütunda İnşuşinak (burada sözün əvvəlindəki “in” qədim Şumer dilindən alınma sözdür və sərvər, ağa mənasını verir) tanrının adı çəkilir. Eyni zamanda, beşinci sütunda yeraltı dünyanın hakimi İrlik hanın da adı diqqət çəkməkdədir. Amma mətni tərcümə edən alman alimi W. Henz  bu tanrını tanımadığından özündən başqa tərcümə uydurmuşdur. Qədim Elam mətnlərində tanrının adından öncə ilahiliyi bildirən “Nap” sözü yazılırdı. Mətndən göründüyü kimi, hər iki tanrıdan öncə “Nap” sözü vardır. “İrlik // Erlik // Yerlik xan” qədim türk mifologiyasında ölüm tanrısı və yeraltı dünyanın sahibi sayılır və bu aləmin ən dərin qatında yaşayır. Bu tanrı bizim piktoqramlarımızda və Altaylarda əlində ilan tutmuş məxluq kimi təsvir edilir. Bu isə, “İr”,”İl”,”Er”,”Yer” sözlərinin yerlə ilanın bağlılığını göstərir və bir daha onu təsdiq edir . Burad “İran” toponimini bir ehtimal olaraq, həmin sözlə əlaqədə, yəni bir teonim kimi qəbul etmək olar. Hətta “Ealm” sözünü İlan sözünün fonotik variantı kimi gözdən keçirə bilərik.
Yuxarıdakı mətndə daha bir məqam diqqətə layiqdir. Buradakı ana mətndə “Şu” işarəsi çay və su şəklini xatırladır. Həmin işarəyə oxşar işarəyə Qobustan piktoqramlarında da rast gəlinir və orada dəniz və suyu bildirən qaya rəsmi də var. Amma əski türk əlifbasında suya oxşar damğa “D” işarəsini ifadə etmişdir. Görünür burada qədim türkcədəki “Dengiz” sözü kök olaraq götürülmüşdür. 






İran yaylası toplumları ilə Hind vadisi uyqarlığı arasında olan əlaqələr nəticəsində bölgənin bəzi mədəni motivləri Hind yarımadasına da yol tapmışdır. Deyilənə sübut  Elamda məşhur olan İlan tanrsı “Şuşinak”ı göstərmək olar. Bu tanrı hindlilərin vedalar dönəmindəki mifik-dini ədəbiyyatında “Şeşanaqa” kimi yad edilir. Burada dünyanın tısbağanın üzərində həlqə vurmuş min başlı böyük əjdaha Şeşanaqanın (ixtisarla Şeşa) tacı üzərində bərqərar olduğu göstərilir. Eləcə də yaradılış miflərində kainatı qoruyan tanrı Vışnu hər yeni dövr yaradılışından sonra bu ilanın üzərində yatmış kimi təsvir edilir. Bu ilan Ant (Ananta) kimi də tanınır, çünki onun qıvrılmış formada hər bir dairəsi yeni zaman diliminin göstəricisidir.



Şeşanaqın üzərində uymuş tanrı Vişnu



Qədim 12 illik türk təqvimində illərin birı “Nək yılı” adlanır. Bu söz Mahmud Kaşğarlının “Divan-i Lüğatit-Türk” kitabinda “timsah” mənasında işlənir. “Divan”da əjdəha isə “Nək yılan” adlandırılmışdır. Əski türkcədə əjjdəha mənasında “Bükə” // “Bökə” sözünə də  rast gəlinməkdəir ki, bu ifadə bəzən “yeti başlığ yıl bükə” (yeddi başlı əjdəha) şəklində işlətmişdir.



Şəkillər:






İnsan və ilan. Gəmiqaya.






İlan və insan. Gəmiqaya.



Mühasirəyə alınmış üçbaşlı əjdəha. Gəmiqaya.









Qədim astral bir görüşü əks etdirən qıvrılmış ilan təsviri. Gəmiqaya






Yaşam və ölümü təcəssüm etdirən ilan və keçi təsvirləri. Qobustan





İnsan başlı ilan fiqurları. Ağsu. Nərgizava tapıntılarından                                   (Azərbaycan Tarixi Muzeyi)








İnçkə (ilan) belli qadın və böyründə ilan fiqurlu kişi heykəlləri. Astara Tarix-Diyarşünaslıq Muzeyi, Azərbaycan.




İnçkə (ilan) belli qadın fiquru. Namazqan (m.ö III min illk), Kara depə, Tükmənistan.





Əllərində ilan tutmuş qəhrəman və ya tanrı (m.ö III min illk). Mərv, Türkmənistan.






Başında müdriklik rəmzi olan ilan təsvir edilmiş kral. Göbəkli təpə, Türkiyə






Yaradılış əfsanəsi. Həyat ağacı ətrafında oturmuş ilk insanlar və qadını yoldan çıxartmağa çalışan ilan. Şumer lövhəsi.




Ealm şahı Untaş Napirişanın anım lövhəsi. Sütun kimi çıxış edənilan-qadın formalı tanrıça və şah.



Elam. İlan və Ay tanrısı




Elam şahı ilana dirənərək hökm sürür




Elam. Qədim Məbəddən tapılmış lövhə. İlan və çılpaq rahiblər.



İstifadə edilən bəzi ədəbiyyat:


1.Azərbaycan qayaüstü incəsənəti-   Məlahət Fərəcova- <ASPOLIQRAF> Bakı – 2009
2.Gəmqaya abidələri-  Əliyev Vəli- Azərnəşr Baki 1993
3.Divan-e Luğatət-Türk- Kaşğarlı Mahmud (farsca çevri-Dr.H.Düzgün) Təbriz Əxtər nəşriyyatı
4.Dehxoda Farsca inseklopedik sözlük-online
5.Orxon Yenisey Abidələri- Ə.Rəcəbov, Y.Məmmədov-Bakı, Yazıçı 1993
6.Naxçıvan Əfsanələri-Məhsəti İsmayıl Rüstəm qızı- Naxçıvan Elm 2008
7.Simtçay Dergisi (s. 2, Aralık 2012)
8.Azərbaycan Toponimləri Ensiklopedik lüğət-“Azərbaycan Ensiklopediyası” 2000
9.The lost world of Elam- Hinz Walther (Farsca tərcümə)
10.Altiranisch Funde und Farschungen 1969-Hinz walther (Farsca tərcümə)
11.Ancient İndia –Don Nardo Lucent Books 2008 (Farsca tərcümə)
12.The Cult of the Serpent- Albany: State University of New York Press 1983
13. http://www.youtube.com/watch?feature=player_embedded&v=W5421bOFWe8#!
14.Qobustan Qayaüstü Rəsmlər  İ.M.Cəfərzadə- Bakı 1999
15.Türk Söylence Sözlüğü- Deniz Karakurt – e-kitap