Yengi Ögə
24 Oğuz boyundan Qayı boyunun damğası kimi
tanıdığımız ” IYI “ damğası Erkən Tunc dövründən başlayaraq Avrasiya qitəsində
qayalarda, saxsı və metal məmulatların üzərində həkk edilməkdədir. Günümüzdə bu
gələnək Qaşqay məzar daşları üzərində tayfa mənsubiyyətini bildirən damğa kimi
yaşamını sürdürməkdədir.
Bu damğa bir çox tarixi yazılı qaynaqda, o cümlədən
Qaşqarlı Mahmudun “Divanü Lüğәtit Türk” ,
Rəşidəddin Fəzlullahın “Came ət-Təvarix” , Yazıçıoğlu Əlinin “Təvârix-e Al-e Səlcuk” , Bosniyalı Sinanın “Hünərnamə” və bir çox başqa əsərdə
birbirindən az qrafik fərqilə Qayı boyunun damğası kimi təqdim olunur. Bu
damğanın “Divanü Lüğәtit Türk” kitabındakı varianti əski türk əlifbasındakı V işarəsi ilə oxşarlıq və bir çox halda eynilik təşkil
edir. Bu bir liqatur (səsbirləşməsi) işarə olaraq, L və T səslərinin birləşməsini
(LT) ifadə edir.
Qayı boyu damğasının qrafik analizinə gəldikdə isə,
onun, əski türk əlifbasındakı Y (L) və II (T)
səslərinin birləşməsindən əmələ gəldiyini düşünmək olar ( Y + II
= IYI).
Əski türk yazılı abidələrində, o cümlədən Yenisey və
Orxon yazılarında Ϻ işarəsi təklikdə altı (6
sayı) və nadir halda alt (aşağı) kimi
oxunur. Burada Qayı boyu damğasının qrafik quruluşu Y (L) +
II (T) = IYI (LT) əski türk
işarəsi Ϻ (LT) ilə səsləşir, yəni IYI damğası
oxunuşca altı (6) sayını ifadə edə bilər . Bu fikri
Amerikanın Metropoliten muzeyində saxlanılan və XV əsrə, daha dəqiq desək,
Ağqoyunlu dönəminə aid olunan döyüş dəbilqələrinin üzərində həkk edilmiş qayı
boyu damğası IYI və onunla bərabər İğdir boyu damğasına oxşayan ərəb yazısı ilə 6 (۶) rəqəminin yanaşı həkk olunmuş olması da təsdiq edir və həmin damğanın daha bir sirrini üzə çıxarır.
Fikrimizcə, sözügedən damğanın yanında 6 rəqəminin yazılmış olması onun mistik anlam ifadə etdiyinə işarədir və əski bir mifoloji düşüncənin XV əsrə qədər davam etdiyini göstərir :
Altı sayının hansı əski inancı
simgələdiyi haqda müxtəlif fikirlər irəli sürmək olar . Mən onlardan daha
inandırıcı saydığım ikisi üzərində durmağı lazım bilirəm:
Birinci versia odur ki əski türk mifoloqiyasına əsasən Gök Tengri və ya
Ülgenin göy aləmində yaşadığı yer, Ülkər ulduz toplusu hesab edilir. Bu toplu əslində
yeddi ulduzdan ibarətdir, amma onların biri adı gözlə görunmür. Odur ki xalq
onu altı ulduz hesab edib və Ülkər miflərimizdə də altı ulduz olaraq keçir. Bu
ulduz toplusu əski çağlardan insanların diqqətini çəkib və onun haqqında bir
çox xalqda müxtəlif əfsanələr dolaşmaqdadır. Qədim Babilistanda onu “Mul-Mul” yəni
ulduzlar ulduzu adlandırırdılar. Çağımızda Yaponiyada bir avtomobil zavadu həmin
ulduz toplusununun yaponca “Subaru” olan adını və loqosunu öz məhsulu üçün seçmişdir ki, bu da özlüyündə
bu ulduz toplusuna başqa xalqların da müsbət munasibətindən xəbər verir:
Beləliklə, 6 sayı Ulkər
ulduzunu bildirərək, qutsal simvol kimi
Tanrının məkanına bir işarə ola bilər.
İkinci versia isə odur ki əski
türk boylarında 6 təbiət kultu daha önəm daşıyırdı: gün, ay,
ulduz, göy, dağ, dəniz. Onlara “xan” deyə muraciət olunurdu. Onların üçü (Gün
xan, Ay xan, Ulduz xan) səma obyekti, digər üçü isə (Gög xan, Dağ xan, Dəniz
xan) yer obyekti kimi qəbul edilirdi. Bu altı təbiət quvvəsi Tanrı qədər qutsal
sayılırdılar. Bunun izlərini biz
dastanlarda görə bilirik . Həmin bu 6 qutsal təbiət quvvələrini sonralar
Oğuz xan dastanında Oğuz xanın oğulları
və 24 oğuz boyunun atası rolunda çıxış etməsinin şahidi oluruq.