Axtar

5 Şubat 2014 Çarşamba

IYI ̴ Ϻ (aLTı) Damğasının gizəmi (sirri)

Yengi Ögə



24 Oğuz boyundan Qayı boyunun damğası kimi tanıdığımız ” IYI “ damğası Erkən Tunc dövründən başlayaraq Avrasiya qitəsində qayalarda, saxsı və metal məmulatların üzərində həkk edilməkdədir. Günümüzdə bu gələnək Qaşqay məzar daşları üzərində tayfa mənsubiyyətini bildirən damğa kimi yaşamını sürdürməkdədir. 



Bu damğa bir çox tarixi yazılı qaynaqda, o cümlədən Qaşqarlı Mahmudun “Divanü Lüğәtit Türk” ,  Rəşidəddin Fəzlullahın “Came ət-Təvarix” , Yazıçıoğlu Əlinin “Təvârix-e Al-e Səlcuk” , Bosniyalı Sinanın “Hünərnamə” və bir çox başqa əsərdə birbirindən az qrafik fərqilə Qayı boyunun damğası kimi təqdim olunur. Bu damğanın “Divanü Lüğәtit Türk” kitabındakı varianti əski türk əlifbasındakı V işarəsi ilə oxşarlıq və bir çox halda eynilik təşkil edir. Bu bir liqatur (səsbirləşməsi) işarə olaraq,  LT səslərinin birləşməsini (LT) ifadə edir.


Qayı boyu damğasının qrafik analizinə gəldikdə isə, onun, əski türk əlifbasındakı Y (L)II (T) səslərinin birləşməsindən əmələ gəldiyini düşünmək olar ( Y + II = IYI). 
Əski türk yazılı abidələrində, o cümlədən Yenisey və Orxon yazılarında Ϻ işarəsi təklikdə altı (6 sayı) və nadir halda alt (aşağı) kimi oxunur. Burada Qayı boyu damğasının qrafik quruluşu Y (L) + II (T) = IYI (LT) əski türk işarəsi Ϻ (LT) ilə səsləşir, yəni IYI damğası oxunuşca altı (6) sayını ifadə edə bilər . Bu fikri Amerikanın Metropoliten muzeyində saxlanılan və XV əsrə, daha dəqiq desək, Ağqoyunlu dönəminə aid olunan döyüş dəbilqələrinin üzərində həkk edilmiş qayı boyu damğası IYI və onunla bərabər İğdir boyu damğasına oxşayan ərəb yazısı ilə 6 (۶) rəqəminin yanaşı həkk olunmuş olması da təsdiq edir və həmin damğanın daha bir sirrini üzə çıxarır.
Fikrimizcə, sözügedən damğanın yanında 6 rəqəminin yazılmış olması onun mistik anlam ifadə etdiyinə işarədir və  əski bir mifoloji düşüncənin XV əsrə qədər davam etdiyini göstərir : 




Altı sayının hansı əski inancı simgələdiyi haqda müxtəlif fikirlər irəli sürmək olar . Mən onlardan daha inandırıcı saydığım ikisi üzərində durmağı lazım bilirəm:
Birinci versia odur ki əski  türk mifoloqiyasına əsasən Gök Tengri və ya Ülgenin göy aləmində yaşadığı yer, Ülkər ulduz toplusu hesab edilir. Bu toplu əslində yeddi ulduzdan ibarətdir, amma onların biri adı gözlə görunmür. Odur ki xalq onu altı ulduz hesab edib və Ülkər miflərimizdə də altı ulduz olaraq keçir. Bu ulduz toplusu əski çağlardan insanların diqqətini çəkib və onun haqqında bir çox xalqda müxtəlif əfsanələr dolaşmaqdadır. Qədim Babilistanda onu “Mul-Mul” yəni ulduzlar ulduzu adlandırırdılar. Çağımızda Yaponiyada bir avtomobil zavadu həmin ulduz toplusununun yaponca “Subaru” olan adını və loqosunu  öz məhsulu üçün seçmişdir ki, bu da özlüyündə bu ulduz toplusuna başqa xalqların da müsbət munasibətindən xəbər verir:   
Beləliklə, 6 sayı Ulkər ulduzunu bildirərək, qutsal simvol kimi  Tanrının məkanına bir işarə ola bilər.
 İkinci versia isə odur ki əski türk boylarında 6 təbiət kultu daha önəm daşıyırdı: gün, ay, ulduz, göy, dağ, dəniz. Onlara “xan” deyə muraciət olunurdu. Onların üçü (Gün xan, Ay xan, Ulduz xan) səma obyekti, digər üçü isə (Gög xan, Dağ xan, Dəniz xan) yer obyekti kimi qəbul edilirdi. Bu altı təbiət quvvəsi Tanrı qədər qutsal sayılırdılar. Bunun izlərini biz  dastanlarda görə bilirik . Həmin bu 6 qutsal təbiət quvvələrini sonralar Oğuz xan dastanında  Oğuz xanın oğulları və 24 oğuz boyunun atası rolunda çıxış etməsinin şahidi oluruq.