Yeŋi Ögə
Bu məqalə "Azərbaycan xalqçaları" dərgisinin 21-ci sayında dərc edilmişdir :
Əldə olan məlumatlar xalçaçılıq sənətinin artıq Neolit - Eneolit dövrlərində
formalaşdığını sübut etməkdədir. Məşhur ingilis arxeoloqu Jeyms Mellart Anadolu
ərazisində yerləşən Çatal - Hüyük abidəsində qazıntılar apararkən kömürləşmiş
xalı qalıqlarına rast gəlmiş və həmin xalının üzərindəki naxışların qorunub
saxlanmamasından böyük təəssüf hissi keçirmişdi. Lakin qazıntıların sonrakı mərhələsində
o Son Eneolit dövrünə aid yaşayış binasının divarında xalça naxışlarını
xatırladan naxışlara rast gəlmiş, bu naxışların bu günə qədər Anadoluda
toxunmaqda olan türk xalçalarının
naxışları ilə tam eyni olduğunu görüb təəccüblənmişdi (1).
Maraqlıdır
ki, Çatal – Hüyükdən tapılmış maddi-mədəniyyət nümunələri üzərində
rast gəlinən naxış elementlərinin bəzilərinə eyniylə Azərbaycan xalçalarında da
rast gəlmək mümkündür. Həmin motivlərə qayaüstü rəsmlərdə də sıx-sıx rast gəlinir.
Sözügedən motivlərdən bəzisi İndoneziyaya qədər geniş bir ərazidə yayılmışdır.
Çatal-Hüyük naxışı və
«Damğalı» xalçası (Qazax)
Eyni halla cənubi Türkmənistanda qazıntılar
aparan tanınmış rus arxeoloqu Sarianidi də üzləşmişdi. O, tapdığı Son Eneolit -
Erkən Tunc dövrlərinə aid saxsı qabların üzərindəki naxışların bu gün də həmin ərazidə
toxunmaqda olan türkmən xalçalarının naxışları ilə eynilik təşkil etdiyini görüb son dərəcə heyrətlənmişdi. Sarianidi
digər bir tanınmış rus arxeoloqu Masson ilə birlikdə qələmə aldıqları “Qaraqum:
Sivilizasiyanın ilk şəfəqi” adlı kitabında bu mövzuya toxunaraq yazır: “Eramızdan
əvvəl lll minilliyin ikinci yarısından
etibarən Cənubi Türkmənistan qəbilələrinin dulusçuluq sənətində böyük dəyişikliklər
baş verməyə başladı. Zoomorf motivlərin yerini həndəsi naxışlar tutdu. Bu
naxışlar ağlasığmaz bir şəkildə xalça naxışlarını xatırlatmaqdadır” (2).
Sənətşünas alim Kübra Əliyeva haqlı olaraq
yazır ki, hər bir xalqın naxış sənəti müəyyən etnik xüsusiyyətlərə sahibdir və
digər xalqların naxış sənəti ilə ümumi cəhətlərə malikdir: “Xalqın mədəniyyətinin
əhəmiyyətli tərkib elementlərindən biri olan və onun tarixi ilə sıx bağlı olan
naxışlar etnik mədəniyyət tarixinin öyrənilməsində də mühüm mənbə rolunu
oynayır. Naxış sənəti xalqın məişəti, ictimai şəraiti ilə sıx bağlı olmaqla
yanaşı, onun fəlsəfi - dini və magik dünyagörüşünü də əks etdirir. Naxış motivləri
təkrarlanaraq ritmlər yaradır. Təsadüfi deyil ki, ornament motivlərini ritmlər
də adlandırırlar. Bu baxımdan Tunc dövrünə aid keramika məmulatlarının
naxışlarının öyrənilməsi böyük önəm daşımaqdadır. Həmin dövrə aid Naxçıvan
saxsı qablarının üzərlərindəki naxışları gözdən keçirməklə ornamentlərin
xarakterini müəyyənləşdirmək mümkündür. Bu qabların üzərindəki naxışlar içərisində
həndəsi fiqurlar: romblar, üçbucaqlılar, latın əlifbasının “S” hərfini və üç rəqəmini
xatırladan spiralvari elementlər, spirala çevrilən düz xətlər və sairə geniş
yayılmışdır. Eyni motivlərə Azərbaycan xalçalarında da rast gəlinir” (4).
Xalça sənətini Azərbaycan üçün əvəzsiz və
tükənməz sərvət adlandıran Məmmədhüseyn Hüseynovun sözlərinə görə, tarixi,
mübarizələrlə keçmişi olan bir xalq maddi-mədəni, mənəviyyat tarixini
xalı-xalçalara toxuyaraq əsrlərdən-əsrlərə ötürüb yaşatmışdır. İbtidai halından
tarixin bütün səhifələrində sanki iştirak edən xalça sənətimiz, oxunması gərək
olan, səhifələrinin sayı bilinməyən bir kitabəyə çevrilmişdir: “Öz varlığını təbiətdən,
insan zəkasından alan bu sənətin zaman-zaman, pilləpillə inkişaf edərək, böyük
rəssamların, sənətkarların təffəkkür süzgəcindən keçərək, tarixin aynasında,
özünü xalq sənətində yaşadaraq inkişaf etmişdir. Əlinə qələm alıb bir xalça əsəri
yaratmaq istəyən rəssamın keçirdiyi hisslər, qarşısına qoyduğu ideyalar və
toxunacaq xalça layihəsinin hazırlanması, çox böyük zəhmət, bilik və zövq tələb
edir. Çünki, xalça sənətinin nəzəriyyəsi mədəniyyətin özünüifadə sistemi olan və
nitq kimi struktur açılışa və mənimsənilməyə imkan verən təsvirçiliyin dili haqqında
dolğun bir elmi bilikdir” (5).
Üzərində bayandurların soy
damğası olan xalça
Alimin fikrincə, ritmik cəhəti qorunan,
kanonlu xalça kompozisiyaları öz adını bərpa etməklə, işarəli elementlər və
onların qarşılıqlı əlaqələri, rəngli forma təşkilinin, xüsusiyyətləri ilə
tanınır. Azərbaycanın hər bir regionu kanonlu xalça kompozisiyalarının tanınan
“işarəli elementlərin” müəyyən sayından istifadə edir.
Azərbaycan Tunc dövründən təşəkkül tapmış
mücərrəd, həndəsi formalı təsvirlərin məhz həmin üslub traktovkasında zəmanəmizədək
qorunub saxlandığı məkanlardan biridir. Məhz bu baxımdan Azərbaycan
xalçalarında həndəsi formalı ornamentlər özündə gərəkli və aşkar görüntülər
yaradan rəmzlər daşamaqdadır (4).
Mütəxəssislər xalça naxışlarının qədim piktoqrafiya
və ideoqrafiya nümunələri kimi qiymətli mənbə olduğunu və qədim insanların
dünyagörüşü barədə informasiya daşıyıcıları olduğunu qeyd edirlər. Belə hesab
edilir ki, hər bir naxış müəyyən bir sözü ifadə edir və bu naxışlar əslində mənaları
unudulmuş təsvirli yazılardır (6).
Azərbaycan və Anadolu xalılarında rast gəlinən həyat ağacını ifadə edən ideoqram
formaları
Azərbaycan və Anadolu xalılarında rast gəlinən qurd
izi ideoqramının müxtəlif formaları)
Azərbaycan və Anadolu xalılarında rast gəlinən quş
ideoqram-naxışları)
Azərbaycan və Anadolu xalılarında rast gəlinən əqrəb
ideoqram-naxışları)
Azərbaycan və Anadolu xalılarında rast gəlinən qoç
ideoqram-naxışları)
Qədim Azərbaycan türk tarixinin ortaya qoyduğu soy mədəniyyətinin və törə
qanunlarının, naxışlardakı gizli və ya aşkar formada görüntüləri yetərincədir.
Sənətşünas alim Xədicə Əsədova yazır ki, uzaq keçmişdən bu günədək Azərbaycan
dekorativ sənətində təsvir olunan bir çox rəsm və ornament vardır ki, hazırda
onlar sırf bəzək xarakteri daşıyırlar. Xalqın həyat tərzi və məişətində xususi
rol oynayan bu ornament motivləri əvvəllər rəmzi məna kəsb etmişlər. Təsvir
olunmuş rəmzlərin, işarələrin semantik mənasına gəldikdə isə onlar əsasən zənginliyin,
bolluğun, baharın, məhəbbətin, diriliyin, şərəfin, qəhrəmanlığın, qələbənin,
güc–qüdrətin, odun, alovun, müqəddəsliyin, dini ayinlərin ifadəsidir. Xalça sənətində
geniş yayılmış elementlərdən biri də “S”-vari motivlərdir. Bir sıra tədqiqatçılar
bu elementin stilitzə olunmuş əjdahanın təsviri olması fikrini irəli sürürlər.
Digər tədqiqatçıların araşdırmalarında bu cür elementlərin damğa, işarə olması
fikri irəli sürülür.Tuncer Gülensoy bu cür elementlərin qədim oğuz tayfalarının
(Bayandur, İqdır, Kızık və s. boylarının) damğaları olduğunu yazır (6).
Tanınmış qumuq tədqiqatçısı Murad Aci yazır ki, “Praktik insanlar olan türklər,
demə, öz qılınc, dəbilqə və zirehlərini, eləcə də at nəsnələrini bəzəmək
xatirinə bəzəmirdilər. Naxış onun sahibinin bu və ya digər soy və ya boya mənsub
olduğunu bildirirdi, yəni işarə rolunu oynayırdı. Beləcə soyun birliyi
vurğulanmış olurdu. Türklərdə hətta ornamentlər standartlaşdırılırdı. Çünki
naxışlar informasiya daşıyıcısı idilər.
Bu informasiyanı çox istedadlı
və diqqətli adam olan çuvaş alimi Trofimov orijinal yolla və çox uğurla deşifrə
edə bilmişdir. O, əcdadlarımızın adətən ornamentlərin köməkliyi ilə söz
və kəlmələri ifadə
etdiklərini təsbit etmişdir. Rəssamlar
ustalıqla damğalara naxış şəkli verirdilər. Ukraynalı, kazak və çuvaşların tikmələrini
araşdıran Trofimov onları oxudu və gözlənilməz bir nəticəcəyə gəldi: Ən qədim
dövrlərdə insanların vizit kartı rolunu məhz naxışlar oynayırdılar. Onlar sadəcə
gözəlliyə xidmət etmirdilər, yalnız özünkülərin başa düşəcəyi gizli yazı kimi də
çıxış edirdilər” (7).
Məmmədhüseyn
Hüseynov haqlı olaraq qeyd edir ki, “Oğuznamə”lərdə qədim oğuz ittifaqlarının
damğaları, şamanizmlə bağlı cəhətləri və Oğuz xanın on iki çadırlarda oturan
iyirmi dörd xan nəvəsinin adlarının anlamı və onların orqonları olmuş, quşların
mücərrəd təsvirlərini Azərbaycan xalçalarında açıq-aydın görmək olur. Nümunə
üçün onlardan bir-neçəsini aşağıda göstərmək olar:
1) Bayatın anlamı
– dövlətli deməkdir. Damğasının işarəsi və onqonu bayquş və ya gecə quşudur. Bu
mücərrəd naxışa Qarabağ zililərində rast gəlmək olur.
3) Avşarın anlamı
– işdə çevik olan deməkdir. Damğasının işarəsi və onqonu Ağ şahin və ya uçan
şanapipik quşudur. Qarabağ vərnisinə və Bakı zilisinə məxsus elementlərdir.
4) Beydelinin
anlamı – danışığı hörmətli deməkdir. Damğasının işarəsi və onqonu laçın
quşudur. Qarabağın “Qasımuşağı” adlı xalçasının əsas naxışlarındandır və s.
Göründiyi kimi sadə
quruluşa malik olan bu naxışlar simvolik işarələrə çevrilərək, dini və mifik
sistemi bioloji şəkildə özündə cəm edib daşımışdır” (4).
Sənətşünas alim Xədicə
Əsədovann sözlərinə görə, Azərbaycan naxış sənətinin sistemli tədqiqi belə bir
fikir söyləməyə imkan verir ki, naxış mədəniyyətimizin kökləri neolit–eneolit
dövründən başlayaraq orta əsrlərdə, xüsusilə İslam dininin yayılmasından sonra
zirvəyə çatmışdır. O yazır ki, Azərbaycan
xalçalarında quş obrazlarının təsvirləri də üstünlük təşkil edir. Qədim dövrlərdə
ulu, dini, himayədar, ana ilahə kimi mifik təsəvvürlərlə əlaqədar tətbiq olunan
quş təsvirləri, sonralar dekorativ məzmun üslubunda təsvir olunurlar. Daha
sonralar isə bəzək elementinə çevrilən müxtəlif quş təsvirləri stilizə edilir,
daha çox təhrif olunur, mücərrədləşdirilir. Dekorativ sənətdə geniş yayılmış bu
cür obrazlara humay, tovuz quşu, göyərçin, bülbül, qartal, ördək, xoruz və s.
quşlar daxildır:“Xalçalarda da geniş tətbiq olunan bu obrazların müxtəlif işlənmə
üslubları mövcuddur. Tətbiq olunduqları əşyalara yüksək bədii məna bəxş edən bu
cür obrazlara Azərbaycanın hər bir bölgəsində toxunulmuş xalçaların üzərində
rast gəlinir.
Xalçaların üzərindəki
quş təsvirlərinə diqqət yetirdikdə biz onların hətta eyni xalça məktəbində də
müxtəlif təsvir formalarına rast gəlirik. Tarixin qədim dövrlərindən bu günədək
sənət abidələrinin, xalçaların üzərində rast gəlinən quş motivlərinin müxtəlif
semantik mənaları var. Quş semantik mənasına ilk dəfə olaraq Şumerlərin
“Bilqamıs” dastanında rast gəlinir. Burada quş dirilik ağacı ilə əlaqəli çıxış
edərək ölməzlik simvolunu ifadə edir” (6).
Alimin fikrincə, Şərq
aləmində quş insanın ruhu mənasını ifadə edir. Hər bir insanın quş şəklində bir
qoruyucu ruhu olduğu, ölən insanın ruhunun göyə yüksəlib quş kimi uçması, biri
öləndə “quş kimi uçdu getdi” tipli ifadələr hələ də xalq arasında mövcuddur. Qədim
türklərin minilliklər öncə yaranıb inkişaf edən inamlarında quş təsvirləri
böyük simvolik əhəmiyyət daşımış, semantik mənada güc – qüdrəti ifadə etmişdir.
Bu mənada Oğuz tayfasının (Oğuz xanın 24 nəvəsinin) damğası, onqonu məhz –
qırğı, çalağan, şahin, humay, qartal və s. quşların adı ilə bağlı olmuşdur:
“Onu da qeyd etməliyik
ki, quşların semantik mənalarında su quşlarının (xüsusilə ördək) əhəmiyyəti çox
böyuk olmuşdur. Suyu, həyatı təmsil edən bu quş təsvirləri həyatın yaranmasını
və daimiliyini ifadə etmişdir. Xalçalarda rast gəlinən quş təsvirləri arasında
naxış formasını almış motivləri və ya quşların sxematik təsvirləri ilə
yaradılmış kiçik kompozisiyalar da mövcuddur. Bu cür kompozisiyalarda quşlar
heraldik (simmetrik) prinsiplə təsvir olınurlar. Bu kompozisiyalarda isə quşlar
mərkəzdə yerləşdirilmiş nəbati motivin (gül, çiçək, ağac və s.) yanlarında
üz-üzə ya da əks istimaqəmətə baxan şəkildə təsvir olunurlar” (4).
Xədicə Əsədovanın
yazdığına görə, xalça naxışları arasında inanclar və totemlərlə əlaqədar
tipoloji qrupa daxil olan motivlərə də tez–tez rast gəlinir. Astral inanclarla
bağlı təsvirlərə “Malıbəylı" kompozisiyalı xalçalarda daha çox rast gəlinir.
Bu cür xalçalarda əsas göllərin içərisində həm günəşi təmsil edən svastika, həm
də həndisiləşdirilmiş “bulud” təsvirləri yerləşdirilir. Bu təsvirlərin qəbiləni,
tayfanı ifadə edən əsas gölün içərisində yerləşdirilməsi bu inancların keçmişdə
böyük əhəmiyyətə malik olmasını bir daha sübut edir. Xalçalar üzərində olan bu
cür təsvirlərə əsasən göl əkinçiliklə və ya təsərrufatla məşgul olan tayfanı
ifadə edir: “Gölün mərkəzindəki günəş odu, alovu, istiliyi, bulud isə suyu –
ilkin təbiət ünsürlərinin vəhdətini təmsil edir. Astral inanclarla bərabər
tayfalar, qəbilələr, xalqlar arasında müxtəlif inanclar da mövcuddur. Zaman
keçdikcə bu inanclar totemlərlə, dini inanclarla əvəz olunur. Əvvəllər müxtəlif
allahlara, ruhlara inananlar artıq müxtəlif totemlərə inanırlar. Bir çox
hallarda günəşi xarakterizə edən bu cür totemlərə “tovuz quşu”, “şir”, “keçi” və
s. heyvan fiqurları daxil idi. Xalçalar üzərində isə bü cür totemlərlə bağlı
olan elementlərə tez–tez rast gəlinir” (6).
İstər Gəmiqaya, istərsə də Qobustan qayaüstü təsvirlərində, eləcə də o
dövrün keramika və tətbiqi sənət nümunələrində keçi ilə ulduzun qoşa təsvirlərinə
çox sıx-sıx rast gəlinməkdədir.
Sözügedən təsvirlərdə
ulduz, bəzən xaç, bəzənsə svastika formasında olur. Bu tip piktoqrafiya nümunələrinin
önəmi ondadır ki, onlar xalq arasında geniş yayılmış “Təkə Ülkərə (ulduza)
baxan kimi baxmaq” ifadəsini əks etdirir. Əslən Qərbi Azərbaycandan olan Meğri
rayonunun Lök (indi Vartanazor) kəndindən olan Babayev Qurban Xanəli oğlunun
(1959) bizə verdiyi şifahi məlumata görə, təkələr yalnız Ülkər ulduzu peyda
olanda dişi keçilərə yaxınlaşırlar. Bu üzdən də təkələr həmişə ildə sadəcə bir
neçə gün görünən bu ulduzu gözləyir və o çıxdıqda gözlərini ona dikirlər.
Maraqlıdır ki, bənzər motivə təkcə qayaüstü
rəsmlərdə deyil, xalçalarımızda da rast gəlinir ki, bu da bizə motivin
bilavasitə əski türk dünyagörüşü ilə bağlı olduğunu bir daha əsaslı surətdə
sübut edir. Xalçalarımızda Tunc dövrünə aid edilən başqa qayaüstü rəsmlərdən
tanıdığımız digər piktoqrafik motivlər də geniş yayılmışdır (6).
Maraqlıdır ki, damğalara xalça naxışları içərisində
də rastlanmaqdadır. Firudin Ağasıoğlu bildirir ki, Azərbaycan xalçalarında olan
qədim loqoqram, damğa və runik işarələr artıq ilkin ifadə funksiyasını itirib
naxışa çevrilibdir:
Bas damğalı uyğur xalısı
"Lakin onların bu günə qədər donuq şəkildə
olsa da, xalçalarda işlənmə gələnəyi göstərir ki, vaxtilə informativ yük
daşıyan həmin işarələr Azərbaycanda geniş yayılmışdır... Xalça uzmanı L. Kərimovun
əksər bölgələri əhatə edən "Azərbaycan xalçası" kitabından loqoqram,
damğa və runik işarələrə aid seçib verdiyi örnəklər runik yazının Qafqaz mənşəli
ehtimalı üzərində ciddi düşünməyə əsas verir.
Bəzi xalça naxışlarının vaxtilə damğa hərf
olmasını görmək üçün onları runik yazıdakı eyni işarələrlə müqayisə etmək kifayətdir.
Naxışların xalçada tam olmayan bu örnəyi də aydın göstərir ki, runik yazı xalça
sənətində geniş işlənmişdir" (8).
Üzərində müxtəlif damğa təsvirləri
olan Azərbaycan xurcunu
Tədqiqatçı S.V.
İvanovun təbirincə desək, milli ornament hər bir xalqın bədii mədəniyyətinin
yüzillərlə yaşayan ən dözümlü elementidir. Bu baxımdan kökü Neolit-Eneolit
dövrlərinə qədər uzanan, Tunc dövründə yeni elementlər qazanan piktoqrafik və
ideoqrafik mahiyyətli xalça naxışlarımız da istisna deyildir. Eyni sözləri
qayaüstü rəsmlər və damğalar haqqında da demək mümkündür. Məhz bu rəsm və
damğaların sayəsində Kür-Araz mədəniyyəti dövrü maldarlarının Gəmiqaya (Azərbaycan)
– Timərə (İran yaylası) – Saymalıtaş və Tenir Too (Qırğızıstan) istiqamətində,
eləcə də digər istiqamətlərdə gerçəkləşdirdikləri miqrasiyalarını izləmək
mümkündür (6).
Qaynaqça
1. Mellaart, James : Early Cultures of
the South Anatolian Plateau. The Late Chalcolithic and Early Bronze Ages in the
Konya Plain; Anatolian Studies XIII, 1963.
2.
Массон В.М., Сарианиди
В.И. Каракумы: заря цивилизации. М.: Наука, 1972..
3.
Baxşəliyev V. Azərbaycan
arxeologiyası( Ali məktəb tələbələri üçün vəsait). –Bakı: Elm, 2007, 239 s.
4.
Tuncay B. Azərbaycan türklərinin
islamaqədərki dili və ədəbiyyati (şifahi və yazili ədəbi nümunələr əsasında), Bakı, Elm və təhsil, 2015, 288 səh.
5. Tuncay B. Xalçalarda mövcud olan sirli aləm. “Cümhuriyyət”, 7
oktyabr, 2015.
6. Yengi Ögə, Tuncay B. Kür-Araz mədəniyyəti və türk damğaları
: Damğadan yazıya keçid (https://bextiyartuncay.wordpress.com/2013
/12/28/kur-araz-m%C9%99d%C9%99niyy%C9%99ti-v%C9%99-turk-damgalari-damgadan-yaziya-kecid/).
7. Аджи М. Европа. Тюрки. Великая Степь.— М.: «Мысль»,
1998.— 334 с.
8.
Ağasıoğlu
F. Azər xalqı. Seçmə
yazılar. Bakı, Çaşıoğlu, 2000. 320 s.
Əla
YanıtlaSil