Axtar

5 Ağustos 2020 Çarşamba

QUYRUQ ULDUZU VƏ ONUN DOĞUŞU

Yeŋi Ögə

I-ci bölüm



Keçmişdə əldə edilən bir çox bilgilər bu günə qədər yazılı formada əlimizə çatmasalar da, onların müəyyən qismi deyimlər yolu ilə və bəzən işarələr və simvollarla indiki çağımıza  ötürülə bilmişlər, hərçənd simvolların kodlarını açmaq çoxlu zəhmət tələb edir. Bu arada artıq yeni nəsil tərəfindən unudulmaqda  olan önəmli bir bilgi paylaşımına ehtiyac duydum.
Xalq arasında əsasən təsərrüfat işlərində mövsüm başlanğıcı olaraq istifadə edilən və çoxlarımızın bir folklor təqvimi kimi tanıdığı “Quyruq doğdu”  hadisəsi gerçəkilkdə nədir sorusuna tarixi bəlgələr əsasında aydınlıq gətirmək istərdim.
                                                                                                             
Bu günə kimi folklorşünaslar və etnoqraflar bu zaman hadisəsini xalq etimologiyası ilə izah etməyə çalışmışlar,  halbuki bu söz birləşməsinin anlamı daha dərin və inanılmaz dərəcədə türk xalqının zəkasının göstəricisidir.
Quyruğun bildiyimiz mənasından başqa nə anlam daşıdığı haqda orta əsr və müasir dövrə yaxın qaynaqlarında mükəmməl məlumatlara rast gəlmək mümkündür. Onlardan biri Səfəvi şahı birinci Şah Abbasın saray münəccimi olmuş Molla Müzəffər Qonabadinin “Tənbihat Ulmünəccemin” kitabında verilmişdır . O yazır : Şəbahəngə (Sirus ulduzu) türkcədə Quyruq demişlər. Onun başqa bir kitaba (Əbdüləli Bircəndinin “Bist bab dər mərfəte təqvim” əsərinə) yazdığı  izahat əsərində (“Şərhe bist bab nam dər təqvime tam”)  belə gətirib: Şəbahəngin türkcədə başqa adı “Dan Ulduzu”, yəni sabah ulduzudır ki Azərbaycanda yayğındır .
Daha sonra yazarı bəlli olmayan “Uluğ Bəyin Astronomik  Təqvimi (zic) və başqa üç risalə”-ni izah edən, İran milli məclis kitabxanasında saxlanan əlyazmada türklərin Sirus ulduzunu Quyruq adlandırmaları belə qeyd olunur : 2-ci fəsil Şüərayi Yəmanı hökmləri ;  və onu Ərəb “Şüərayi Ubur”, Farslar “Ruz Ahəng” və Türklər “Quruq” (Quyruq) deyirlər və ulduzlar içində ondan parlağı yoxdur, Cəlali təqvimi ilə Mordad ayının yeddisi gecəsi doğar (İyul ayının 29-u).
Quyruğun ulduz adlanması daha sonra Nadir Şahın katibi olmuş Mirzə Mehdixan Astarabadinin “Sənglax” adlı Türkcə-farsca sözlüyündə gəlmişdir, ancaq Mirzə Mehdixan yanılaraq bu ulduzun Süheyl (Kanopus) olduğunu sanır. Süheyl ulduzu Sirus ulduzundan sonra səmada ikinci parlaq ulduzdur, ancaq cənub göyündə (−52° 41′ ) olduğundan şimal yarımkürəsində en dairəsi 37˚-dən sonra görünməyir. Odur ki nə Təbrizdə (38°04′N ) və nə də Bakı (40°23′N) səmasında bu ulduzu görmək mümkün deyildir.  Demək quyruq yalnız Sirus ulduzu ola bilir.
Vəliəhd Abbasmirzə Qacarın tapşırığı ilə onun xüsusi həkimi olmuş Həkimbaşı Məhəmməd xoylu (Qobullı) “Sənglax” kitabının çıxarışını yazaraq onu “Xülasey Abbasi” adlandırıb və ona düzəlişlər vermişdir . O, Quyruq sözü haqda belə yazmışdır : Süheyl ulduzunun adı . Çox güman  Şüəra ulduzu olsun ki quyruğa oxşayır, istər Şam və ya Yəmən Şüərası olsun, Azərbaycan və Mavəraünnəhrdə yayın ortalarında doğar və deyərlər “Quyruq Toğdu”, çox üfüqlərdə Quyruq var olur amma Süheyl oralarda doğmur və daim gizlidir “Bənat əlnəş” (Böyük ayı bürcünün 7 parlaq ulduzu)  kimi şimal üfüqündə həmişə görünəndir.
Burada maraq doğuran soru əski çağ türklərinin bu ulduzu Quyruq adlandırmasıdır. Bu sualın cavabını məqalənin II-ci bölümündə oxuya bilərsiniz...

Qaynaqlar :
1.  ابوالفضل مصفی - فرهنگ اصطلاحات نجومی - انتشارات مؤسسه تاریخ و فرهنگ ایران٬ شماره ۳۱ تبریز مهرماه ۱۳۵۷
2.  میرزا مهدی خان استرآبادی – سنگلاخ٬(مقابله و تصحیح حسین محمدزاده صدیق) جلد دوم. تبریز نشر اختر ۱۳۹۳)
3.           میرزا مهدی خان استرآبادی - فرهنگ ترکی به فارسی سنگلاخ تلخیص: حکیم محمد خویی باعنوان: خلاصه ی عباسی ناشر: یاران  تبریز 1388
4.  زیج الغ بیگ و سه رساله دیگر(نسخه خطی)_ کتابخانه مجلس شورای ملی شماره ثبت ۳۱۵۴۸
5.  ملا مظفر بن محمد قاسم منجم گنابادی _شرح بیست باب نام در معرفت تقویم تام (نسخه خطی)_ کتابخانه مجلس شورای ملی


Hiç yorum yok:

Yorum Gönder