Axtar

5 Ağustos 2020 Çarşamba

QUYRUQ ULDUZU VƏ ONUN DOĞUŞU

Yeŋi Ögə

I-ci bölüm



Keçmişdə əldə edilən bir çox bilgilər bu günə qədər yazılı formada əlimizə çatmasalar da, onların müəyyən qismi deyimlər yolu ilə və bəzən işarələr və simvollarla indiki çağımıza  ötürülə bilmişlər, hərçənd simvolların kodlarını açmaq çoxlu zəhmət tələb edir. Bu arada artıq yeni nəsil tərəfindən unudulmaqda  olan önəmli bir bilgi paylaşımına ehtiyac duydum.
Xalq arasında əsasən təsərrüfat işlərində mövsüm başlanğıcı olaraq istifadə edilən və çoxlarımızın bir folklor təqvimi kimi tanıdığı “Quyruq doğdu”  hadisəsi gerçəkilkdə nədir sorusuna tarixi bəlgələr əsasında aydınlıq gətirmək istərdim.
                                                                                                             
Bu günə kimi folklorşünaslar və etnoqraflar bu zaman hadisəsini xalq etimologiyası ilə izah etməyə çalışmışlar,  halbuki bu söz birləşməsinin anlamı daha dərin və inanılmaz dərəcədə türk xalqının zəkasının göstəricisidir.
Quyruğun bildiyimiz mənasından başqa nə anlam daşıdığı haqda orta əsr və müasir dövrə yaxın qaynaqlarında mükəmməl məlumatlara rast gəlmək mümkündür. Onlardan biri Səfəvi şahı birinci Şah Abbasın saray münəccimi olmuş Molla Müzəffər Qonabadinin “Tənbihat Ulmünəccemin” kitabında verilmişdır . O yazır : Şəbahəngə (Sirus ulduzu) türkcədə Quyruq demişlər. Onun başqa bir kitaba (Əbdüləli Bircəndinin “Bist bab dər mərfəte təqvim” əsərinə) yazdığı  izahat əsərində (“Şərhe bist bab nam dər təqvime tam”)  belə gətirib: Şəbahəngin türkcədə başqa adı “Dan Ulduzu”, yəni sabah ulduzudır ki Azərbaycanda yayğındır .
Daha sonra yazarı bəlli olmayan “Uluğ Bəyin Astronomik  Təqvimi (zic) və başqa üç risalə”-ni izah edən, İran milli məclis kitabxanasında saxlanan əlyazmada türklərin Sirus ulduzunu Quyruq adlandırmaları belə qeyd olunur : 2-ci fəsil Şüərayi Yəmanı hökmləri ;  və onu Ərəb “Şüərayi Ubur”, Farslar “Ruz Ahəng” və Türklər “Quruq” (Quyruq) deyirlər və ulduzlar içində ondan parlağı yoxdur, Cəlali təqvimi ilə Mordad ayının yeddisi gecəsi doğar (İyul ayının 29-u).
Quyruğun ulduz adlanması daha sonra Nadir Şahın katibi olmuş Mirzə Mehdixan Astarabadinin “Sənglax” adlı Türkcə-farsca sözlüyündə gəlmişdir, ancaq Mirzə Mehdixan yanılaraq bu ulduzun Süheyl (Kanopus) olduğunu sanır. Süheyl ulduzu Sirus ulduzundan sonra səmada ikinci parlaq ulduzdur, ancaq cənub göyündə (−52° 41′ ) olduğundan şimal yarımkürəsində en dairəsi 37˚-dən sonra görünməyir. Odur ki nə Təbrizdə (38°04′N ) və nə də Bakı (40°23′N) səmasında bu ulduzu görmək mümkün deyildir.  Demək quyruq yalnız Sirus ulduzu ola bilir.
Vəliəhd Abbasmirzə Qacarın tapşırığı ilə onun xüsusi həkimi olmuş Həkimbaşı Məhəmməd xoylu (Qobullı) “Sənglax” kitabının çıxarışını yazaraq onu “Xülasey Abbasi” adlandırıb və ona düzəlişlər vermişdir . O, Quyruq sözü haqda belə yazmışdır : Süheyl ulduzunun adı . Çox güman  Şüəra ulduzu olsun ki quyruğa oxşayır, istər Şam və ya Yəmən Şüərası olsun, Azərbaycan və Mavəraünnəhrdə yayın ortalarında doğar və deyərlər “Quyruq Toğdu”, çox üfüqlərdə Quyruq var olur amma Süheyl oralarda doğmur və daim gizlidir “Bənat əlnəş” (Böyük ayı bürcünün 7 parlaq ulduzu)  kimi şimal üfüqündə həmişə görünəndir.
Burada maraq doğuran soru əski çağ türklərinin bu ulduzu Quyruq adlandırmasıdır. Bu sualın cavabını məqalənin II-ci bölümündə oxuya bilərsiniz...

Qaynaqlar :
1.  ابوالفضل مصفی - فرهنگ اصطلاحات نجومی - انتشارات مؤسسه تاریخ و فرهنگ ایران٬ شماره ۳۱ تبریز مهرماه ۱۳۵۷
2.  میرزا مهدی خان استرآبادی – سنگلاخ٬(مقابله و تصحیح حسین محمدزاده صدیق) جلد دوم. تبریز نشر اختر ۱۳۹۳)
3.           میرزا مهدی خان استرآبادی - فرهنگ ترکی به فارسی سنگلاخ تلخیص: حکیم محمد خویی باعنوان: خلاصه ی عباسی ناشر: یاران  تبریز 1388
4.  زیج الغ بیگ و سه رساله دیگر(نسخه خطی)_ کتابخانه مجلس شورای ملی شماره ثبت ۳۱۵۴۸
5.  ملا مظفر بن محمد قاسم منجم گنابادی _شرح بیست باب نام در معرفت تقویم تام (نسخه خطی)_ کتابخانه مجلس شورای ملی


17 Temmuz 2018 Salı

Saxadan tapılmış amulet və üzərindəki yazının oxunuşu

                                                                                                                                                                     Yeŋi Ögə


Türk dünyasından gələn hər bir xoş xəbər bizi sevindirir. Bu xəbərlər arasında tariximizə aid yeni tapıntılar, xüsusən də yazılı bəlgələr olanda sevincimiz ikiqat artır.
İyul ayının 5-də “The Siberian Times”ın rəsmi sitəsində uzaq Saxa (Yakutiya) elində 11 yaşlı oğlan uşağının qədim bir amulet tapdığı barədə xəbər yayıldı. Bu amulet mamont sümüyündən hazırlanıb  və üzərində əski türklərə aid damğa yazısı ilə 5 söz yazılıb. Söhbət hansı sözlərdən gedir və türkoloqların böyük marağına səbəb olan amuletdə nə yazılıb? Şübhəsiz ki, alimlər öz sözünü deyəcəklər. Mən də öz fikrimi bildirmək istəyirəm.
Yazı amulet kimi istifadə edilən bir lövhəciyin üzərində yazılıb və amulet üzərində çızıldığı üçün ehtimalən tilism xarakteri daşıyır. Belə olduğu üçün də söhbət hər hansı tanrı, qutsal varlıq və ya şəxslərə yönəlik dua və ya alqışdan gedə bilər. Amuletin üzərindəki yazını oxumağa başladığımızda məhz bunlardan çıxış etməyin doğru olacağı fikrindəydik və fikrimiz də öz təsdiqini tapdı.
Yazı yuxarıdan aşağıya doğru 4 sırada sağdan sola yazılıb və ilk sırada iki damğa ilə iki söz bildirilib bunlar belədir  

  və hər bir damğa və daşıdığı söz anlamı ayrılıqda belə açıqlanır :

 : Sağdan birinci işarə damğaya çevrilməmişdən öncə, çox eski çağlardan ideoqram kimi işlənmişdir və piktoqramdan yaranma bir simvoldur. Ancaq əski türk yazılı abidələrdən / BS səsbirləşməsini (liqatur) ifadə etmiş və Baş / Bas kimi oxunmuşdır. İdeoqram olaraq qutsal səma keçisi və yaşam ağacını simvolizə etməklə yanaşı petroqliflərdə və bədii keramika nümunələrində astral obyekt simvolı kimi də çıxış etmişdir. Saxa amuletində onu mənalandırarkən, bölgenin yerli inanclarını nəzərə alaraq onu “Ağac Ana” və ya “Yaşam Ağacı” ilə əlaqələndirməyi daha uyğun hesab edirik. Niyə?
Bildiyimiz kimi, Saxalar ən çox ağac kultuna inanan bir xalqdır və saxa türkcəsində ağca "Mas" deyilir ki, onun "Bas" // "Baş" ifadəsinin fərqli fonetik variantı saymaq olar. Qeyd edək ki, Saxalar yaşam ağacını çox zaman “Aal Luuk Mas” adlandırırlar ki, burada "Aal Luuk" sözləri "Mas" üçün sifət rolunda çıxış edir. Baş / Bas damğa və ya simvoluna mərkəzi Azərbaycan olmaqla, tunc dövrü Kür-Araz  mədəniyyətinə aid saxsı qabların üzərində tez-tez rast gəlinir. Bu mədəniyyətin təsır dairəsi çox böyük coğrafiyanı əhatə etmişdir, hətta Mesopotamiya mədəniyyətinə etgisi danılmazdır.M.Ö III minilliyə aid dörd qulplı bir saxsı vazanın üzərində rəsm edilən Baş // Bas damğası və ağac rəsmləri fikrimizin həqiqət olduğunu sübut edir.
Bu damğanın qutsal mahiyyeətini göstərən bir çox maraqlı axeoloji material mövcuddur. Onlardan biri Sibirin cənubunda, Tuva Resublikasının Kızıl şəhəri yaxınlığındakı Arjan kurqanından tapılmışdır. Saka türklərinə aid edilən və təsviri aşağıda verilən maddi mədəniyyət nümunəsi M.Ö VII əsərin II yarısına aid edilir. Bu, şüşə və daşdan hazıianan, üzərində "Bas" damğası olan muncuqlardan düzülmüş qolbağıdır.

Baş // Bas damğasının izlərinə ilk dəfə Azərbaycanda Neolilt dövrnə aid   maddi mədəniyyət nümunələri üzərində rast gəlinmişdir. Bu baxımdan Güney Azərbaycanın Başkəndi sayılan Təbriz şəhərinin Tarix Muzeyində sərgilənən və M.Ö V min illiyə aid kasanı xatırladan saxsı qabı misal çəkə bilərik. Onun hündür oturacağı üzərində eyni damğaya rast gəlməkdəyik.



Bu damğanın  ağacla əlaqəsini sübut edən bir dəlil isə dilimizdə indi də işlək olan "Meşə" sözüdür (farsdillilər bu sözü bizdən alıb onu "Bişə" kimi tələffüz edirlər). Qədim Şumerlər "Mas" sözünü əsasən keçi üçün işlətmişlər. Fikrimizcə, bu məsələyə xüsusi diqqət yetirməmiz lazımdır. Çünki Azərbaycan ərazisindəki qədim petroqliflərdə ağac və keçi təsvirlərinə birlikdə rast gəlinir.. Görünür əski çağlarda Prototürklər hər iki anlamı bir sözlə ifadə etmişlər və çox vaxt petroqliflərdə keçi və ağacı müəyyən inancla bağlayaraq, yanaşı təsvr etmişlər.

Gəmiqaya (Naxçıvan) – Azerbaican

Tamqalı Say – Qazaxıstan

Gəmiqaya (Naxçıvan) – Azerbaican

İndiki İranın mərkəzi (M.Ö 5000-4500)

Baş // Bas damğasının ənənəvi davamını biz Azərbaycanın kilim və xalçalarında da görə bilirik. Bunlardan birində həmin damğa ağac və keçi ilə birlikdə təsvir edilmişdir.


Azərbaycan xalçası (Şirvan XIX əsr)

Orxon-Yenisey abidələrində “Iduk Baş” (qutsal Baş) yer adına rast gəlirik. Bu toponim həmin abidələrdə iki dəfə işlənmişdir. Tonyukuk abidəsində qutsal varlıqların sırasında “Basa” kəlməsinə də rast gəlinir (Tengri Umay, Iduk Yer-Sub, Basa birti erinç / Tanrı Umay, Müqəddəs Yer-Su, Basa, (qələbə) verdi.
Beləliklə “Basa” araşdırıcılar tərəfindən gözdən qaçırılsa da əski türk inanc sistemində qutsal varlıq olaraq qəbul edilməlidir və görünür, həmin kəlməni ifadə edən damğanın minillər boyu dəyişmədən işlək olması buradan qaynaqlanır.

 : Birinci sətirdə "Baş" damğasından sonra gələn damğa əski türk yazı sistemində Ç səsini bildirir amma söz olaraq "AÇA / AÇI" (Eçi) (kimi oxuna bilir (əski türk damğa yazı sistiminə görə söz başında A səsini bildirən fonotik işarə yazılmır). Açı əski türk dilində Böyük Ana, Nənə (yaşlı qadın) anlamında işlənib və bölgənin dilində isə xarakterik olarak işlək söz olmuşdır. Misal üçün  Su İyəsinə Tatarca (Su anası), Yakutça “Uu İççi”  və Ağaç Anaya,  Moğolcada "Modun Eçe" deyilir

 :Yazıda ikinci sırada yer alan söz "KOB" kimi oxunur. Lakin yazı qaydalarına görə samıt damğalar qalın səsli işarələrlə yazılmalı idi, lakin incə samitlərlə yazılıb, o üzdən bu sözün yazılışında qusur var. "KOB" sözü kar samitlə başlandığı üçün türk sözlərinin uyuşma qanununa görə kar samitlə bitməlidir. Odur ki, bu söz əsasən "KOP"  kimi işləkdir və əski türkcədə mübaliğə ədatı kim olmuşdur və "çox", "bütün" anlamındadır. Ağac üçün bu söz "qollu-budaqlı", "gür" kimi mənalandırılır. "Divani-Lüğati-t-Türk" kitabında belə bir atalar sözü yazılıb:
 Kop sögütgə kuş konar,
 Körklüğ kişigə söz kəlir.
( qol-budaqlı söyüdə quş qonar, gözəl qıza söz gələr).

Yazıda üçüncü sırada yer alan  söz "YEG" (YİG) kimi oxunur və bu oxunuş əski türk yazılarında tez-tez işlənir, "yaxşı", "iyi" anlamlarının ifadə edir.

:Sonuncı sırada yazılan söz əski türk mətnlərində ən işlək sözlərdən biri olub "BOL" kimi oxunur və "olmaq" (bolmaq) felinin əmr formasındadır.
Beləliklə bütün mətn belə yazılıb və oxunur :


BAŞ :AÇA :KOB : YEG : BOL


Bu günki türkcəmizlə:

AĞAC ANA QOLLU-BUDAQLI, YAXŞI OL !







Qaynaq : https://siberiantimes.com/science/others/news/boy-11-finds-1000-year-old-message-written-in-runes-on-pendant-made-of-mammoth-bone/


P.S.  Bu yazının və onun tərəfimizdən təklif edilən oxunuş variantını bloquma yerləşdirdikdən və sosial mediada paylaşdıqdan sonra ona müxtəlif rəylər gəlməkdə davam edir. Oxunuşa, daha doğrusu mətnin tərcüməsinə etiraz edənlər olduğu kimi, xoş münasibət bəsləyənlər də az deyil. Türkiyəli bir dostumuzun yazdığı yorum isə bizim üçün sözün əsl mənasında tam gözlənilməz oldu. Onun yazdıqları həm sözügedən yazının məna çeşidliyini, həm də İslamdan öncəki dua (alqış) anlamlı mətnlərin xalq arasında hələ də yaşarlılığını qorumaqda olduğu göstərməsi baxımından çox önəmlidir.
Söhbət əslən Türkiyə Cümhuriyyətinin Kayseri İlinin Pınarbaşı ilçəsinin Kurtlar köyündən olan, Əfşar boyuna mənsub olduğunu söyləyən Yıldırım Başkurt adlı bir soydaşımızdan gedir. Onun yazdığına görə,  Kurtlar köyündə belə deyim var: "Baş aça çok yeğin ol". Anlamı " Başa kadar yada sonuna kadar çok iyi ol " dur.
Gördüyümüz bu alqışi yuxarıdakı Saxa yazısı ilə nisbi müqayisədə eyni götürmək mümkündür ancaq bu xalq deyiminin kökəni və ilkin anlamı bizim təkilf etdiyimiz versiya olma ehtimalı var çünki bəzi çox mənalı sözlər xüsusən də inancla bağlı deyimlər zaman axarında öz ilkin  funksiyasını itirdiyindən yeni anlam alır bu xüsusda çoxlu örnəklər mövcuddur.
Beləliklə, dah əski bir türk alqışının minillər keçməsinə baxmayaraq, hələ də yaşamaqda olduğunu görməkdəyik.

                                                                                                                                                                

27 Ocak 2017 Cuma

Xalça naxışlarında yaşayan ulu tariximiz

                                                                                                                                              Yeŋi Ögə

Bu məqalə "Azərbaycan xalqçaları" dərgisinin 21-ci sayında dərc edilmişdir :




Əldə olan məlumatlar xalçaçılıq sənətinin artıq Neolit - Eneolit dövrlərində formalaşdığını sübut etməkdədir. Məşhur ingilis arxeoloqu Jeyms Mellart Anadolu ərazisində yerləşən Çatal - Hüyük abidəsində qazıntılar apararkən kömürləşmiş xalı qalıqlarına rast gəlmiş və həmin xalının üzərindəki naxışların qorunub saxlanmamasından böyük təəssüf hissi keçirmişdi. Lakin qazıntıların sonrakı mərhələsində o Son Eneolit dövrünə aid yaşayış binasının divarında xalça naxışlarını xatırladan naxışlara rast gəlmiş, bu naxışların bu günə qədər Anadoluda toxunmaqda olan türk xalçalarının  naxışları ilə tam eyni olduğunu görüb təəccüblənmişdi (1).
Maraqlıdır ki, Çatal – Hüyükdən tapılmış maddi-mədəniyyət nümunələri üzərində rast gəlinən naxış elementlərinin bəzilərinə eyniylə Azərbaycan xalçalarında da rast gəlmək mümkündür. Həmin motivlərə qayaüstü rəsmlərdə də sıx-sıx rast gəlinir. Sözügedən motivlərdən bəzisi İndoneziyaya qədər geniş bir ərazidə yayılmışdır.






Çatal-Hüyük naxışı və «Damğalı» xalçası (Qazax)


Eyni halla cənubi Türkmənistanda qazıntılar aparan tanınmış rus arxeoloqu Sarianidi də üzləşmişdi. O, tapdığı Son Eneolit - Erkən Tunc dövrlərinə aid saxsı qabların üzərindəki naxışların bu gün də həmin ərazidə toxunmaqda olan türkmən xalçalarının naxışları ilə eynilik təşkil etdiyini  görüb son dərəcə heyrətlənmişdi. Sarianidi digər bir tanınmış rus arxeoloqu Masson ilə birlikdə qələmə aldıqları “Qaraqum: Sivilizasiyanın ilk şəfəqi” adlı kitabında bu mövzuya toxunaraq yazır: “Eramızdan əvvəl  lll minilliyin ikinci yarısından etibarən Cənubi Türkmənistan qəbilələrinin dulusçuluq sənətində böyük dəyişikliklər baş verməyə başladı. Zoomorf motivlərin yerini həndəsi naxışlar tutdu. Bu naxışlar ağlasığmaz bir şəkildə xalça naxışlarını xatırlatmaqdadır” (2). 


 Eneolit dövründə toxuculuq sənəti daha da inkişaf etmişdi. Azərbaycanın bir sıra Eneolit abidələrindən — Kültəpə 1, Hacı Firuz, İlanlıtəpə, Babadərviş, Leylatəpə və sairə abidələrdən tapılmış iy ucları, habelə Əlikömək təpəsindən tapılmış saxsı qabın səthində qalmış toxuma izi bunu sübut edir (3).
Sənətşünas alim Kübra Əliyeva haqlı olaraq yazır ki, hər bir xalqın naxış sənəti müəyyən etnik xüsusiyyətlərə sahibdir və digər xalqların naxış sənəti ilə ümumi cəhətlərə malikdir: “Xalqın mədəniyyətinin əhəmiyyətli tərkib elementlərindən biri olan və onun tarixi ilə sıx bağlı olan naxışlar etnik mədəniyyət tarixinin öyrənilməsində də mühüm mənbə rolunu oynayır. Naxış sənəti xalqın məişəti, ictimai şəraiti ilə sıx bağlı olmaqla yanaşı, onun fəlsəfi - dini və magik dünyagörüşünü də əks etdirir. Naxış motivləri təkrarlanaraq ritmlər yaradır. Təsadüfi deyil ki, ornament motivlərini ritmlər də adlandırırlar. Bu baxımdan Tunc dövrünə aid keramika məmulatlarının naxışlarının öyrənilməsi böyük önəm daşımaqdadır. Həmin dövrə aid Naxçıvan saxsı qablarının üzərlərindəki naxışları gözdən keçirməklə ornamentlərin xarakterini müəyyənləşdirmək mümkündür. Bu qabların üzərindəki naxışlar içərisində həndəsi fiqurlar: romblar, üçbucaqlılar, latın əlifbasının “S” hərfini və üç rəqəmini xatırladan spiralvari elementlər, spirala çevrilən düz xətlər və sairə geniş yayılmışdır. Eyni motivlərə Azərbaycan xalçalarında da rast gəlinir” (4).


Xalça sənətini Azərbaycan üçün əvəzsiz və tükənməz sərvət adlandıran Məmmədhüseyn Hüseynovun sözlərinə görə, tarixi, mübarizələrlə keçmişi olan bir xalq maddi-mədəni, mənəviyyat tarixini xalı-xalçalara toxuyaraq əsrlərdən-əsrlərə ötürüb yaşatmışdır. İbtidai halından tarixin bütün səhifələrində sanki iştirak edən xalça sənətimiz, oxunması gərək olan, səhifələrinin sayı bilinməyən bir kitabəyə çevrilmişdir: “Öz varlığını təbiətdən, insan zəkasından alan bu sənətin zaman-zaman, pilləpillə inkişaf edərək, böyük rəssamların, sənətkarların təffəkkür süzgəcindən keçərək, tarixin aynasında, özünü xalq sənətində yaşadaraq inkişaf etmişdir. Əlinə qələm alıb bir xalça əsəri yaratmaq istəyən rəssamın keçirdiyi hisslər, qarşısına qoyduğu ideyalar və toxunacaq xalça layihəsinin hazırlanması, çox böyük zəhmət, bilik və zövq tələb edir. Çünki, xalça sənətinin nəzəriyyəsi mədəniyyətin özünüifadə sistemi olan və nitq kimi struktur açılışa və mənimsənilməyə imkan verən təsvirçiliyin dili haqqında dolğun bir elmi bilikdir” (5).



Üzərində bayandurların soy damğası olan xalça




Alimin fikrincə, ritmik cəhəti qorunan, kanonlu xalça kompozisiyaları öz adını bərpa etməklə, işarəli elementlər və onların qarşılıqlı əlaqələri, rəngli forma təşkilinin, xüsusiyyətləri ilə tanınır. Azərbaycanın hər bir regionu kanonlu xalça kompozisiyalarının tanınan “işarəli elementlərin” müəyyən sayından istifadə edir.
Azərbaycan Tunc dövründən təşəkkül tapmış mücərrəd, həndəsi formalı təsvirlərin məhz həmin üslub traktovkasında zəmanəmizədək qorunub saxlandığı məkanlardan biridir. Məhz bu baxımdan Azərbaycan xalçalarında həndəsi formalı ornamentlər özündə gərəkli və aşkar görüntülər yaradan rəmzlər daşamaqdadır (4).


Mütəxəssislər xalça naxışlarının qədim piktoqrafiya və ideoqrafiya nümunələri kimi qiymətli mənbə olduğunu və qədim insanların dünyagörüşü barədə informasiya daşıyıcıları olduğunu qeyd edirlər. Belə hesab edilir ki, hər bir naxış müəyyən bir sözü ifadə edir və bu naxışlar əslində mənaları unudulmuş təsvirli yazılardır (6).




Azərbaycan və Anadolu xalılarında rast gəlinən həyat ağacını ifadə edən ideoqram formaları

Azərbaycan və Anadolu xalılarında rast gəlinən qurd izi ideoqramının müxtəlif formaları)






Azərbaycan və Anadolu xalılarında rast gəlinən quş ideoqram-naxışları)



Azərbaycan və Anadolu xalılarında rast gəlinən əqrəb ideoqram-naxışları)





Azərbaycan və Anadolu xalılarında rast gəlinən qoç ideoqram-naxışları)


Qədim Azərbaycan türk tarixinin ortaya qoyduğu soy mədəniyyətinin və törə qanunlarının, naxışlardakı gizli və ya aşkar formada görüntüləri yetərincədir. Sənətşünas alim Xədicə Əsədova yazır ki, uzaq keçmişdən bu günədək Azərbaycan dekorativ sənətində təsvir olunan bir çox rəsm və ornament vardır ki, hazırda onlar sırf bəzək xarakteri daşıyırlar. Xalqın həyat tərzi və məişətində xususi rol oynayan bu ornament motivləri əvvəllər rəmzi məna kəsb etmişlər. Təsvir olunmuş rəmzlərin, işarələrin semantik mənasına gəldikdə isə onlar əsasən zənginliyin, bolluğun, baharın, məhəbbətin, diriliyin, şərəfin, qəhrəmanlığın, qələbənin, güc–qüdrətin, odun, alovun, müqəddəsliyin, dini ayinlərin ifadəsidir. Xalça sənətində geniş yayılmış elementlərdən biri də “S”-vari motivlərdir. Bir sıra tədqiqatçılar bu elementin stilitzə olunmuş əjdahanın təsviri olması fikrini irəli sürürlər. Digər tədqiqatçıların araşdırmalarında bu cür elementlərin damğa, işarə olması fikri irəli sürülür.Tuncer Gülensoy bu cür elementlərin qədim oğuz tayfalarının (Bayandur, İqdır, Kızık və s. boylarının) damğaları olduğunu yazır (6).
           Tanınmış qumuq tədqiqatçısı Murad Aci yazır ki,  “Praktik insanlar olan türklər, demə, öz qılınc, dəbilqə və zirehlərini, eləcə də at nəsnələrini bəzəmək xatirinə bəzəmirdilər. Naxış onun sahibinin bu və ya digər soy və ya boya mənsub olduğunu bildirirdi, yəni işarə rolunu oynayırdı. Beləcə soyun birliyi vurğulanmış olurdu. Türklərdə hətta ornamentlər standartlaşdırılırdı. Çünki naxışlar informasiya daşıyıcısı idilər.
                Bu informasiyanı çox istedadlı və diqqətli adam olan çuvaş alimi Trofimov orijinal yolla və çox uğurla deşifrə edə bilmişdir. O, əcdadlarımızın adətən ornamentlərin     köməkliyi ilə   söz   və   kəlmələri    ifadə    etdiklərini     təsbit etmişdir. Rəssamlar ustalıqla damğalara naxış şəkli verirdilər. Ukraynalı, kazak və çuvaşların tikmələrini araşdıran Trofimov onları oxudu və gözlənilməz bir nəticəcəyə gəldi: Ən qədim dövrlərdə insanların vizit kartı rolunu məhz naxışlar oynayırdılar. Onlar sadəcə gözəlliyə xidmət etmirdilər, yalnız özünkülərin başa düşəcəyi gizli yazı kimi də çıxış edirdilər” (7).

Məmmədhüseyn Hüseynov haqlı olaraq qeyd edir ki, “Oğuznamə”lərdə qədim oğuz ittifaqlarının damğaları, şamanizmlə bağlı cəhətləri və Oğuz xanın on iki çadırlarda oturan iyirmi dörd xan nəvəsinin adlarının anlamı və onların orqonları olmuş, quşların mücərrəd təsvirlərini Azərbaycan xalçalarında açıq-aydın görmək olur. Nümunə üçün onlardan bir-neçəsini aşağıda göstərmək olar:

1) Bayatın anlamı – dövlətli deməkdir. Damğasının işarəsi və onqonu bayquş və ya gecə quşudur. Bu mücərrəd naxışa Qarabağ zililərində rast gəlmək olur.




2) Dügərin anlamı – çevrə deməkdir. Damğasının işarəsi və onqonu – çalağan quşudur. Qubanın “Qımıl” adlı xalçasında və Bakı xalçalarının haşiyələrində təsadüf edilir


3) Avşarın anlamı – işdə çevik olan deməkdir. Damğasının işarəsi və onqonu Ağ şahin və ya uçan şanapipik quşudur. Qarabağ vərnisinə və Bakı zilisinə məxsus elementlərdir.


4) Beydelinin anlamı – danışığı hörmətli deməkdir. Damğasının işarəsi və onqonu laçın quşudur. Qarabağın “Qasımuşağı” adlı xalçasının əsas naxışlarındandır və s.


Göründiyi kimi sadə quruluşa malik olan bu naxışlar simvolik işarələrə çevrilərək, dini və mifik sistemi bioloji şəkildə özündə cəm edib daşımışdır” (4).
Sənətşünas alim Xədicə Əsədovann sözlərinə görə, Azərbaycan naxış sənətinin sistemli tədqiqi belə bir fikir söyləməyə imkan verir ki, naxış mədəniyyətimizin kökləri neolit–eneolit dövründən başlayaraq orta əsrlərdə, xüsusilə İslam dininin yayılmasından sonra zirvəyə çatmışdır. O yazır ki,  Azərbaycan xalçalarında quş obrazlarının təsvirləri də üstünlük təşkil edir. Qədim dövrlərdə ulu, dini, himayədar, ana ilahə kimi mifik təsəvvürlərlə əlaqədar tətbiq olunan quş təsvirləri, sonralar dekorativ məzmun üslubunda təsvir olunurlar. Daha sonralar isə bəzək elementinə çevrilən müxtəlif quş təsvirləri stilizə edilir, daha çox təhrif olunur, mücərrədləşdirilir. Dekorativ sənətdə geniş yayılmış bu cür obrazlara humay, tovuz quşu, göyərçin, bülbül, qartal, ördək, xoruz və s. quşlar daxildır:“Xalçalarda da geniş tətbiq olunan bu obrazların müxtəlif işlənmə üslubları mövcuddur. Tətbiq olunduqları əşyalara yüksək bədii məna bəxş edən bu cür obrazlara Azərbaycanın hər bir bölgəsində toxunulmuş xalçaların üzərində rast gəlinir.
Xalçaların üzərindəki quş təsvirlərinə diqqət yetirdikdə biz onların hətta eyni xalça məktəbində də müxtəlif təsvir formalarına rast gəlirik. Tarixin qədim dövrlərindən bu günədək sənət abidələrinin, xalçaların üzərində rast gəlinən quş motivlərinin müxtəlif semantik mənaları var. Quş semantik mənasına ilk dəfə olaraq Şumerlərin “Bilqamıs” dastanında rast gəlinir. Burada quş dirilik ağacı ilə əlaqəli çıxış edərək ölməzlik simvolunu ifadə edir” (6).
Alimin fikrincə, Şərq aləmində quş insanın ruhu mənasını ifadə edir. Hər bir insanın quş şəklində bir qoruyucu ruhu olduğu, ölən insanın ruhunun göyə yüksəlib quş kimi uçması, biri öləndə “quş kimi uçdu getdi” tipli ifadələr hələ də xalq arasında mövcuddur. Qədim türklərin minilliklər öncə yaranıb inkişaf edən inamlarında quş təsvirləri böyük simvolik əhəmiyyət daşımış, semantik mənada güc – qüdrəti ifadə etmişdir. Bu mənada Oğuz tayfasının (Oğuz xanın 24 nəvəsinin) damğası, onqonu məhz – qırğı, çalağan, şahin, humay, qartal və s. quşların adı ilə bağlı olmuşdur:


“Onu da qeyd etməliyik ki, quşların semantik mənalarında su quşlarının (xüsusilə ördək) əhəmiyyəti çox böyuk olmuşdur. Suyu, həyatı təmsil edən bu quş təsvirləri həyatın yaranmasını və daimiliyini ifadə etmişdir. Xalçalarda rast gəlinən quş təsvirləri arasında naxış formasını almış motivləri və ya quşların sxematik təsvirləri ilə yaradılmış kiçik kompozisiyalar da mövcuddur. Bu cür kompozisiyalarda quşlar heraldik (simmetrik) prinsiplə təsvir olınurlar. Bu kompozisiyalarda isə quşlar mərkəzdə yerləşdirilmiş nəbati motivin (gül, çiçək, ağac və s.) yanlarında üz-üzə ya da əks istimaqəmətə baxan şəkildə təsvir olunurlar” (4).


Xədicə Əsədovanın yazdığına görə, xalça naxışları arasında inanclar və totemlərlə əlaqədar tipoloji qrupa daxil olan motivlərə də tez–tez rast gəlinir. Astral inanclarla bağlı təsvirlərə “Malıbəylı" kompozisiyalı xalçalarda daha çox rast gəlinir. Bu cür xalçalarda əsas göllərin içərisində həm günəşi təmsil edən svastika, həm də həndisiləşdirilmiş “bulud” təsvirləri yerləşdirilir. Bu təsvirlərin qəbiləni, tayfanı ifadə edən əsas gölün içərisində yerləşdirilməsi bu inancların keçmişdə böyük əhəmiyyətə malik olmasını bir daha sübut edir. Xalçalar üzərində olan bu cür təsvirlərə əsasən göl əkinçiliklə və ya təsərrufatla məşgul olan tayfanı ifadə edir: “Gölün mərkəzindəki günəş odu, alovu, istiliyi, bulud isə suyu – ilkin təbiət ünsürlərinin vəhdətini təmsil edir. Astral inanclarla bərabər tayfalar, qəbilələr, xalqlar arasında müxtəlif inanclar da mövcuddur. Zaman keçdikcə bu inanclar totemlərlə, dini inanclarla əvəz olunur. Əvvəllər müxtəlif allahlara, ruhlara inananlar artıq müxtəlif totemlərə inanırlar. Bir çox hallarda günəşi xarakterizə edən bu cür totemlərə “tovuz quşu”, “şir”, “keçi” və s. heyvan fiqurları daxil idi. Xalçalar üzərində isə bü cür totemlərlə bağlı olan elementlərə tez–tez rast gəlinir” (6).
                  İstər Gəmiqaya, istərsə də Qobustan qayaüstü təsvirlərində, eləcə də o dövrün keramika və tətbiqi sənət nümunələrində keçi ilə ulduzun qoşa təsvirlərinə çox sıx-sıx rast gəlinməkdədir.
                 Sözügedən təsvirlərdə ulduz, bəzən xaç, bəzənsə svastika formasında olur. Bu tip piktoqrafiya nümunələrinin önəmi ondadır ki, onlar xalq arasında geniş yayılmış “Təkə Ülkərə (ulduza) baxan kimi baxmaq” ifadəsini əks etdirir. Əslən Qərbi Azərbaycandan olan Meğri rayonunun Lök (indi Vartanazor) kəndindən olan Babayev Qurban Xanəli oğlunun (1959) bizə verdiyi şifahi məlumata görə, təkələr yalnız Ülkər ulduzu peyda olanda dişi keçilərə yaxınlaşırlar. Bu üzdən də təkələr həmişə ildə sadəcə bir neçə gün görünən bu ulduzu gözləyir və o çıxdıqda gözlərini ona dikirlər.
Maraqlıdır ki, bənzər motivə təkcə qayaüstü rəsmlərdə deyil, xalçalarımızda da rast gəlinir ki, bu da bizə motivin bilavasitə əski türk dünyagörüşü ilə bağlı olduğunu bir daha əsaslı surətdə sübut edir. Xalçalarımızda Tunc dövrünə aid edilən başqa qayaüstü rəsmlərdən tanıdığımız digər piktoqrafik motivlər də geniş yayılmışdır (6).































Maraqlıdır ki, damğalara xalça naxışları içərisində də rastlanmaqdadır. Firudin Ağasıoğlu bildirir ki, Azərbaycan xalçalarında olan qədim loqoqram, damğa və runik işarələr artıq ilkin ifadə funksiyasını itirib naxışa çevrilibdir:





Bas damğalı uyğur xalısı

"Lakin onların bu günə qədər donuq şəkildə olsa da, xalçalarda işlənmə gələnəyi göstərir ki, vaxtilə informativ yük daşıyan həmin işarələr Azərbaycanda geniş yayılmışdır... Xalça uzmanı L. Kərimovun əksər bölgələri əhatə edən "Azərbaycan xalçası" kitabından loqoqram, damğa və runik işarələrə aid seçib verdiyi örnəklər runik yazının Qafqaz mənşəli ehtimalı üzərində ciddi düşünməyə əsas verir.
Bəzi xalça naxışlarının vaxtilə damğa hərf olmasını görmək üçün onları runik yazıdakı eyni işarələrlə müqayisə etmək kifayətdir. Naxışların xalçada tam olmayan bu örnəyi də aydın göstərir ki, runik yazı xalça sənətində geniş işlənmişdir" (8).


Üzərində müxtəlif damğa təsvirləri olan Azərbaycan xurcunu


Tədqiqatçı S.V. İvanovun təbirincə desək, milli ornament hər bir xalqın bədii mədəniyyətinin yüzillərlə yaşayan ən dözümlü elementidir. Bu baxımdan kökü Neolit-Eneolit dövrlərinə qədər uzanan, Tunc dövründə yeni elementlər qazanan piktoqrafik və ideoqrafik mahiyyətli xalça naxışlarımız da istisna deyildir. Eyni sözləri qayaüstü rəsmlər və damğalar haqqında da demək mümkündür. Məhz bu rəsm və damğaların sayəsində Kür-Araz mədəniyyəti dövrü maldarlarının Gəmiqaya (Azərbaycan) – Timərə (İran yaylası) – Saymalıtaş və Tenir Too (Qırğızıstan) istiqamətində, eləcə də digər istiqamətlərdə gerçəkləşdirdikləri miqrasiyalarını izləmək mümkündür (6).

Qaynaqça

1.    Mellaart, James : Early Cultures of the South Anatolian Plateau. The Late Chalcolithic and Early Bronze Ages in the Konya Plain; Anatolian Studies XIII, 1963.
2.    Массон В.М., Сарианиди В.И. Каракумы: заря цивилизации. М.: Наука, 1972..
3.    Baxşəliyev V. Azərbaycan arxeologiyası( Ali məktəb tələbələri üçün vəsait). –Bakı: Elm, 2007, 239 s.
4.   Tuncay B. Azərbaycan türklərinin islamaqədərki dili və ədəbiy­yati (şifahi və yazili ədəbi nümunələr əsasında), Bakı, Elm və təhsil, 2015, 288 səh.
5.     Tuncay B. Xalçalarda mövcud olan sirli aləm. “Cümhuriyyət”, 7 oktyabr, 2015.
6.     Yengi Ögə, Tuncay B. Kür-Araz mədəniyyəti və türk damğaları : Damğadan yazıya keçid (https://bextiyartuncay.wordpress.com/2013 /12/28/kur-araz-m%C9%99d%C9%99niyy%C9%99ti-v%C9%99-turk-damgalari-damgadan-yaziya-kecid/).
7.     Аджи М. Европа. Тюрки. Великая Степь.— М.: «Мысль», 1998.— 334 с.
8.     Ağasıoğlu F. Azər xalqı. Seçmə yazılar. Bakı, Çaşıoğlu, 2000. 320 s.
10.      https://www.facebook.com/azerbaycanarasdirmalar (Azerbaijani & Turkic World-Studies)